ABŞ-da təxminən bir həftədir davam edən güclü isti hava dalğası nəticəsində azı 25 nəfər həyatını itirib.
NBC News-un məlumatına görə, ölkə üzrə təxminən 40 milyon nəfər üçün isti hava xəbərdarlığı elan edilib. Xüsusilə ölkənin şərq və cənub bölgələrində havanın temperaturu 40,5 dərəcəyədək yüksəlib.
Nyu-York şəhərində istilə bağlı yaranan sağlamlıq problemləri səbəbindən 378-dən çox insan təcili tibbi yardım şöbələrinə müraciət edib. Nyu-Cersi ştatında həddindən artıq istilər nəticəsində 22 nəfər, Missisipi ştatında 2 nəfər, İllinoys ştatında isə 1 nəfər həyatını itirib.
ABŞ-ın Milli Hava Xidməti (NWS) ölkənin şərq bölgələrində isti hava xəbərdarlıqlarının davam edəcəyini bildirib. Proqnoza görə, yüksək rütubətlə birlikdə hiss olunan temperatur paytaxt Vaşinqton, eləcə də Filadelfiya, Baltimor, Roli, Çarlston və Ceksonvill şəhərlərində 37,7–40,5 dərəcə arasında olacaq.
Güclü fırtına və daşqın təhlükəsi
İsti hava ilə yanaşı, ölkənin şərqində güclü fırtına, dolu və leysan yağışlarının da gözlənildiyi bildirilib. NWS ani daşqınların baş verə biləcəyi barədə xəbərdarlıq edib.
Məlumata əsasən, Delaver ştatından Konnektikut ştatınadək uzanan ərazi, o cümlədən Nyu-York şəhəri boyunca yaşayan təxminən 34 milyon nəfər daşqın təhlükəsi ilə üz-üzədir. Bəzi bölgələrdə yağıntının həcminin 7,6 santimetrə çatacağı proqnozlaşdırılır.
Bundan başqa, əlverişsiz hava şəraiti səbəbindən ABŞ-ın şərq ştatlarında yüz minlərlə ev və iş yerində elektrik enerjisinin kəsildiyi bildirilib.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

