Gundelik.az Elm və təhsil 5 Oktyabr Beynəlxalq Müəllimlər Günü, (1966)
Elm və təhsil Tarixdə bu gün

5 Oktyabr Beynəlxalq Müəllimlər Günü, (1966)

 “Hər birimizdə müəllimin hərarətli  qəlbinin bir  zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu  sevməyi, hamının rifahı naminə vicdanla işləməyi  müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Gələcək gənclərin, gənclər isə müəllimlərin əsəridir!”

   Ümummilli  lider Heydər Əliyev

Hər il oktyabrın 5-i Beynəlxalq Müəllim Günü  kimi qeyd olunur. 5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda  müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən “Müəllimlərin statusu haqqında” adlı ilk sənəd imzalanmışdır.  1994-cü  ildən isə həmin tarix YUNESKO tərəfindən Beynəlxalq  Müəllim Günü  kimi təsis edilmişdir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutmuşdur. Hal-hazırda “Müəllimlər Günü” dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə keçirilir. Məsələn, müxtəlif əlamətdar hadisələr əsasında Müəllimlər Günü Albaniyada 8 mart, Cənubi Koreyada 15 may, Argentinada 11 sentyabr, Çində 28 sentyabr, Özbəkistanda 1 oktyabr, Türkiyədə isə 24 noyabr tarixlərində qeyd olunur. Müstəqil Azərbaycanda isə bu tarix 1993-cü il oktyabrın 5-də rəsmiləşdirilib. Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” – deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə  hərtərəfli qayğı dövlətin öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. İlham Əliyevin “Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidirlər” fikri artıq  realllığa çevrilib.  Ən şərəfli sənət müəllim sənətidir. Çünki bu günümüzün həkimini, polisini, vəkilini, kompüter mühəndisini, memarını hətta müəllimini belə müəllim yetişdirir. Əgər müəllim olmasa bu sadalananların heç biri olmaz. Günlər keçir, illər illərə calanır, insan çox şeyi unudur. Lakin heç zaman ilk müəllim yaddan çıxmır, xatirədən silinmir. Axı insana elm qapısının açarını ilk müəllim təqdim edir, onu əsrarəngiz bir dünya ilə müəllim qovuşdurur.

Gundelik.az

Exit mobile version