Rafiq Tağı (tam adı: Rafiq Nəzir oğlu Tağıyev azərbaycanlı yazıçı- filosof, həkim-kardioloq
Tağıyev Rafiq Nəzir oğlu 1950-ci il avqustun 5-də Masallı rayonunun Xoşçobanlı kəndində anadan olub. 1966-cı ildə Masallı rayonu Təklə kənd orta məktəbini, 1972-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. 1981-1983-cü illərdə Moskva Tibb İnstitutunun daxili xəstəliklər üzrə klinik ordinaturasında təhsil alıb. 1972-1974-cü illərdə Sabirabad rayonu Yolçubəyli kənd ambulatoriyasının baş həkimi, 1974-1979-cu illərdə Masallı rayonu Həsənli kənd xəstəxanasının baş həkimi vəzifələrində çalışıb. 1979-1983-cü illərdə Moskvada 23 saylı Şəhər Klinik Xəstəxanasında, 1983-1990-cı illərdə Moskva Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında, 1990-cı ildən Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında həkim işləyib. Rafiq Tağı ilk gənclik illərindən bədii yaradıcılıqla məşğul olub. 1968-ci ildə ilk şeiri Masallının “Çağırış” rayon qəzetində, “Fərqanə” adlı ilk hekayəsi 1977-ci ildə “Ulduz” jurnalında çap edilib. Çoxsaylı şeir, hekayə, esse, məqalə, oçerk və portret yazıları Azərbaycanın və xarici ölkələrin dövri ədəbi mətbuatında mütəmadi dərc edilib. Yazıları həmişə ictimai rezonans doğurub, ciddi polemikaya səbəb olub. Rafiq Tağı “EQO” Yaradıcılıq Ordeni ilə təltif olunub, Azad Yazarlar Ocağının üzvü olub. Yazıçı 23 noyabr 2011-ci ildə vəfat edib.
Kitabları: “Yanaşı ulduzlar” (1987), “Düşmənimin xatirinə” (1991), “Pozitiv. Neqativ” (1996), “Şahzadə Dipendranın məhəbbəti” (2005), “Ucaboy liliput” (2005), “Gənc qraf Kenterberiyski” (2006) və s.
Gundeliki.az

