Gundelik.az Mədəniyyət və cəmiyyət 5 Avqust – Hərbi Donanma Günü, (1996)
Mədəniyyət və cəmiyyət Tarixdə bu gün

5 Avqust – Hərbi Donanma Günü, (1996)

Azərbaycan Hərbi Donanması 1919-cu ildə Azərbaycan Xalq Cumhuriyyəti dövründə yaradılıb. Belə ki, 1919-cu ilin yayında ingilislər Bakını tərk edərkən şəhər limanının idarəçiliyini və hərbi gəmilərin bir hissəsini Azərbaycan hökumətinə təhvil veriblər. Bu gəmilərin əsasında Azərbaycan Xəzər Hərbi Dəniz Donanması təşkil olunub. Azərbaycan hökumətinin bu tədbiri ölkənin dəniz sərhədlərinin qorunmasında mühüm addım oldu. 1919-cu ilin sonlarında general İbrahim ağa Usubovun başçılıq etdiyi Azərbaycan hərbi missiyası donanma üçün xaricdən 6 birtoplu qırıcı kater, 12 qırıcı kater, 6 sualtı qayıq, 92 gəmi topu, 10 sahil topu, simsiz teleqraf qurğuları və s. alıb. Azərbaycan Hökuməti rus donanmasının admiralı, Şimal qütbünə ekspedisiyanın iştirakçısı, türk əsilli İslamovu milli donanmanın yaradılması işinə kömək göstərmək üçün 1919-cu ilin yayında Azərbaycana dəvət edib. “Astrabad”, “Qars” və “Ərdəhan” hərb gəmilərinin komandirliyi azərbaycanlı kapitanlara tapşırılıb. Hərbi donanmanın maddi-texniki bazasının və kadr təminatının gücləndirilməsi planları aprel işğalı nəticəsində həyata keçirilməmiş qalıb. Az sonra bolşeviklərin gəlişi ilə Azərbaycan hərbi donanması ləğv olunub. SSRİ dağıldıqdan sonra Azərbaycanda da hərbi-dəniz donanmasının təşkilinə şərait yarandı.1992-ci il aprelin 7-də Azərbaycan Respublikası Hərbi-Dəniz Qüvvələri Qərargahı, mühafizə və təminat rotası yaradıldı. Xəzər Hərbi-dəniz donanmasının 25%-i və Ali Hərbi Dənizçilik Məktəbi Azərbaycan Respublikasının ixtiyarına verildi. 1992-ci il iyunun 26-da “Bakılı” keşikçi gəmisində Azərbaycan Respublikasının dövlət bayrağı qaldırıldı. 1996-cı ildə Ali Hərbi Dənizçilik Məktəbi əsasında Dəniz Akademiyası təşkil olundu. Azərbaycan Prezidenti Heydər Əliyevin fərmanına əsasən hər il avqustun 5-i Azərbaycan Respublikası Hərbi Donanma Günü kimi qeyd olunur.

 Gundelik.az

Exit mobile version