Mirzə Qədim İrəvani 1825 –ci ildə qədim Azərbaycan şəhəri İrəvanda anadan olmuşdur. Onun atası Məhəmməd Hüseyn taxta üzərində oyma sənətinin mahir ustalarından idi.İrəvanda ibtidai təhsil aldıqdan sonra burada üsuli-cədid məktəbini bitirən Mirzə Qədim Tiflisə getmiş və orada progimnaziyanı qurtarmışdır. 1840-cı illərdə İrəvana qayıdan Mirzə Qədim ömrünün sonunadək burada yaşamış və poçt teleqrafçısı vəzifəsində çalışmışdır. Mirzə Qədim İrəvaninin yaradıcılığı ilə Azərbaycan təsviri incəsənətində şərti dekorativ üslubdan yeni keyfiyyətli realist sənətə keçid başlanır. Mirzə Qədim İrəvani 1875–ci ildə vəfat edib.Yaradıcılığının ilk dövründə gənc rəssam əsasən dekorativ sənət sahəsində fəaliyyət göstərmiş, divar rəsmləri və bədii tikmələr üçün rəsm və trafaretlər çəkmişdir. Artıq bu dövrdə rəssam qızılgül, zanbaq və s. gül və çiçəklərdən mürəkkəb kompozisiyalar tərtib edir, bununla yanaşı, müxtəlif quşların canlı və real təsvirini verirdi. Klassik miniatür boyakarlığından fərqlənən bu əsərlər göstərirdi ki, rəssam Avropa boyakarlığına böyük maraq göstərir. Mirzə Qədim İrəvani bu dövrdə həmçinin kağız, şüşə və güzgü üzərində də bir neçə portret çəkmişdir. Obrazların həllinə görə sxematik, koloritinə görə şərti dekorativ xarakter daşıyan bu portretlər arasında “Süvari”, “Rəqqasə”, “Dərviş” portretləri xüsusilə seçilir. XIX əsrin ortalarında M.F.Axundzadə, H.B.Zərdabi, S.Ə.Şirvani və d. mütəfəkkirlərin fəaliyyət göstərdiyi mühitdə demokratik ideyaların, qabaqcıl fəlsəfi fikirlərin, yeni estetik normaların və realist ədəbiyyatın təsiri altında Azərbaycan təsviri sənəti öz inkişafını davam etdirirdi. Bu dövrdə Azərbaycan təsviri sənətinin inkişaf istiqamətini müəyyənləşdirən əsas xüsusiyyət onun orta əsr sənətinə xas olan şərti dekorativ üslubdan tədricən realist təsvir metoduna keçməsi, yeni bədii forma, yeni növ və janrlarla zənginləşməsindən ibarət idi. Bu yeni keyfiyyət saray və imarətlərin daxili tərtibatında, yəni ov, döyüş, məişət səhnələri, portret səciyyəli təsvirlərdən ibarət divar boyakarlığında, həm də müxtəlif məzmunlu əlyazmalara və litoqrafiya üsulu ilə çap edilmiş kitablara çəkilmiş illüstrasiyalarda özünü göstərirdi. Bu dövrdə yaranmış təsviri sənətin səciyyəvi üslub xüsusiyyətləri, ideya-estetik mahiyyəti və sənətkarlıq nailiyyətləri M.M.Nəvvab, Xurşidbanu Natəvan, Usta Qəmbər Qarabaği kimi dövrün görkəmli rəssamları və xalq ustalarının yaradıcılığında qabarıq əksini tapmışdır.
Gundelik.az

