Gundelik.az Xəbərlər İqtisadiyyat Ekspert açıqlayır: əməkhaqqı artımı iqtisadiyyata necə təsir edəcək?
İqtisadiyyat Müsahibə Xəbərlər

Ekspert açıqlayır: əməkhaqqı artımı iqtisadiyyata necə təsir edəcək?

Son dövrlərdə ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi, əhalinin sosial rifahının yüksəldilməsi və iqtisadi inkişafın dayanıqlılığının təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə görülən işlər və gələcək perspektivlər barədə Gundelik.az xəbər portalının suallarını iqtisadçı-ekspert Eyyub Kərimli cavablandırıb.

Minimum əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadiyyata necə təsir göstərir?

– Son günlər ölkə Prezidenti tərəfindən dövlət qulluğu sistemində əməkhaqqı ödənişlərinin formalaşdırılması ilə bağlı bir sıra fərmanlar imzalanmışdır. Hesab edirəm ki, bu fərmanlar dövlət qulluqçularının sosial təminatının daha da yaxşılaşdırılmasına xidmət edəcəkdir.

Eyni zamanda, dövlət idarəetmə sistemində funksional strukturlaşmanın daha dəqiq və yüksək səviyyədə həyata keçirilməsinə imkan yaradacaqdır. Əvvəlki dövrlərdə bəzi hallarda əməkhaqqına əlavə ödənişlər və mükafatlar ünvanlı xarakter daşımır, subyektiv yanaşmalar əsasında müəyyən edilirdi. Bu isə sistemdə şəffaflıq və obyektivliyə mənfi təsir göstərirdi. Yeni vahid əməkhaqqı cədvəlinin tətbiqi bu kimi uyğunsuzluqların aradan qaldırılmasına ciddi töhfə verəcəkdir.

Digər mühüm məqam dövlət qulluqçularının gələcək pensiya təminatı ilə bağlıdır. Əvvəllər bəzi hallarda baza maaş aşağı, ümumi əməkhaqqı isə daha yüksək göstərilirdi ki, bu da pensiya hesablanmasına mənfi təsir edirdi. Yeni sistem nəticəsində baza maaşın artırılması pensiya kapitalının da yüksəlməsinə səbəb olacaqdır.

Bununla yanaşı, dövlət büdcəsi vəsaitlərinin daha səmərəli istifadəsi təmin olunacaq, qeyri-ədalətli bölgünün qarşısı alınacaq və əməkhaqqı sistemi əməyin nəticəsinə uyğun şəkildə formalaşdırılacaqdır.

Növbəti 5 ildə Azərbaycan iqtisadiyyatı üçün əsas risk və fürsətlər nələrdir?

– Növbəti 5 il üçün ölkənin iqtisadi strategiyası əsasən rəqəmsal iqtisadiyyatın inkişafı, rəqəmsal transformasiya və yaşıl enerji sektorunun genişləndirilməsi üzərində qurulub. Bu istiqamətlərdə dövlət tərəfindən artıq mühüm proqramlar qəbul edilmiş, strateji yol xəritələri müəyyənləşdirilmişdir.

İşğaldan azad olunmuş ərazilərə əhalinin qayıdışı və həmin bölgələrin iqtisadi cəhətdən sürətli inkişafı prioritet istiqamətlərdən biri olacaqdır. Bu regionların iqtisadi potensialının reallaşdırılması ümumi iqtisadi artıma ciddi töhfə verəcəkdir.

Digər əsas prioritet qeyri-neft sektorunun inkişafıdır. Bu çərçivədə nəqliyyat-logistika infrastrukturunun təkmilləşdirilməsi, beynəlxalq yükdaşımaların həcminin artırılması və ölkənin tranzit imkanlarının genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Orta dəhlizin potensialının artırılması, yeni dəmir yolu xətlərinin inşası və regional nəqliyyat bağlantılarının gücləndirilməsi bu istiqamətdə əsas layihələrdəndir.

Eyni zamanda, azad iqtisadi zonaların fəaliyyətinin genişləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması və hüquqi bazanın təkmilləşdirilməsi planlaşdırılır. Gömrük və logistika sahəsində rəqəmsallaşma prosesləri sürətləndiriləcək, şəffaflıq və operativlik artırılacaqdır.

Kənd təsərrüfatının inkişafı da əsas hədəflər sırasındadır. Bu sahədə yeni texnologiyaların tətbiqi, məhsuldarlığın artırılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi və idxaldan asılılığın azaldılması prioritet olaraq qalır. Su ehtiyatlarının artırılması və səmərəli idarə olunması da mühüm məsələlərdəndir.

Bununla yanaşı, informasiya texnologiyalarının inkişafı və informasiya təhlükəsizliyinin təmin edilməsi iqtisadiyyatın rəqəmsal transformasiyasında əsas rol oynayacaqdır.

Enerji sektorunda isə Azərbaycanın mövqeləri daha da güclənəcəkdir. Xüsusilə elektrik enerjisi ixracının şaxələndirilməsi və yaşıl enerji layihələrinin genişləndirilməsi gələcək iqtisadi inkişafın əsas istiqamətlərindən biri olacaqdır.

 Nəticə olaraq Ümumilikdə, həyata keçirilən islahatlar iqtisadiyyatın daha şəffaf, dayanıqlı və rəqabətqabiliyyətli modelə keçidini təmin edir. Növbəti illərdə bu istiqamətdə görüləcək tədbirlər ölkənin sosial rifahının yüksəlməsinə və iqtisadi potensialının daha da güclənməsinə xidmət edəcəkdir.

Tərtib etdi: Səid Mikayılzadə
Gundelik.az

Exit mobile version