Məmmədrza Şeyxzamanov 1915-ci ildə Gəncədə doğulub. Aktyorluq sənətinə olan maraq və həvəs isə hələ məktəb illərində öz “toxumlarını səpməkdə” idi. Ona görə də orta məktəbdə oxuya-oxuya teatr studiyasına daxil olur. Çalışdığı dövrdə “Vaqif” (Eldar), “Fərhad və Şirin” (Fərhad), “Yaşar” (İmamyar), “İki qardaş” (Yuri) və digər tamaşalarda yaddaqalan obrazlar yaradır. 1954-cü ildə Mədəniyyət Nazirliyinin əmrilə M.Əzizbəyov
adına Azərbaycan Dövlət Akademik Dram Teatrında işə başlayır. Və elə o vaxtdan etibarən də sənət yolundakı “yaşıl işığı” daha da gur yanmağa
başlayır. Yaratdığı müxtəlif səpkili obrazlarla daha çox tanınır və sevilir. Teatrda “Göz həkimi”ndə Şahbazov, “Qış nağılı”nda Poliksen, “Fərhad və Şirin”də Xosrov, “Vaqif”də Qacar, “Otello”da Otello, “Aydın”da Aydın, “Qaçaq Nəbi”də Qaçaq Nəbi, “Vaqif”də Eldar kimi bir-birindən fərqlənən, psixoloji, dramatik obrazları özünəməxsus şəkildə yaradır. Onun səslər içində seçilən, əsl səhnə və kino səsi vardı. Elə bir səs ki, kimə məxsus olduğu zamanındaca bilinirdi. Məmmədrza Şeyxzamanov böyük ekrana ilk dəfə 1955-ci ildə “Bəxtiyar” filmində Rəcəbov rolu ilə çıxır. Daha sonra Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Dövlət Kinostudiyasının istehsal etdiyi filmlərin çoxunda çəkilir. Müxtəlif illərdə “Qızmar günəş altında”da Alı kişi, “Leyli və Məcnun”da Dərviş, “Bir qalanın sirri”ndə həkim Eldostu, “Onu bağışlamaq olarmı”da polkovnik Qurbanov, “Qatır Məmməd”də Gəncə qubernatoru, “Nəsimi”də Şeyx Əzəm kimi obrazlar yaradır. 1963-cü ildə böyük sənətkarımız Adil İsgəndərovun Sabit Rəhmanın ssenarisi əsasında quruluş verdiyi musiqili komediya filmində – “Əhməd haradadır”da Şirin kişi rolunda çıxış edir. 1976-cı ildə Məmmədrza Şeyxzamanov daha bir yaddaqalan obrazını yaradır. Rasim Ocaqovun İsa Hüseynovun ssenarisi əsasında çəkdiyi “Tütək səsi” filmində İsfəndiyar kişi rolunda çıxış edir. M.Şeyxzamanov 1984-cü ildə 70 yaşında vəfat etmişdir. Filmoqrafiya: Bəxtiyar (film, 1955), Bir qalanın sirri (film, 1959), Bizim Cəbiş müəllim (film, 1969), Bizim küçə (film, 1961), Böyük dayaq (film, 1962), Cırtdanın yeni sərgüzəşti (film, 1973), Dantenin yubileyi (film, 1978),Əhməd haradadır? (film, 1963), Qaraca qız (film, 1966)(film, kinoalmanax), Qızmar günəş altında (film, 1957), Nəsimi (film, 1973), Nizami (film, 1982) və s.
Gundelik.az

