Gundelik.az Mədəniyyət və cəmiyyət 31 Mart – Musiqi xadimi, bəstəkar, xanəndə Cabbar Qaryağdıoğlunun 165 illiyi, (1861-1944)
Mədəniyyət və cəmiyyət Tarixdə bu gün Xəbərlər

31 Mart – Musiqi xadimi, bəstəkar, xanəndə Cabbar Qaryağdıoğlunun 165 illiyi, (1861-1944)

Cabbar Qaryağdıoğlu XIX əsrin II yarısında yetişən və musiqi tariximizdə ən görkəmli rol oynayan sənətkarlardan biridir. Xalqın içərisindən çıxmış bu sənətkar özünün bütün mənalı həyatını klassik Azərbaycan musiqisinin inkişafına həsr etmişdir. Ömrünü 60 ilini xalqdan öyrəndiyi və topladığı 500-dən artıq mahnını işləyib Azərbaycanın xanəndəlik sənətini yaratmağa həsr etmiş müğənni Zaqafqaziyada ən yaxşı xalq ifaçısı şöhrətini qazanmışdır. Cabbar Qaryağdıoğlu 1861-ci ildə Şuşada “Seyidli” məhəlləsində anadan olmuşdur. Cabbar Qaryağdıoğlunu Azərbaycan xalq musiqisinin canlı tarixi, ensiklopediyası adlandırırdılar. Onun oxuduğu muğam və xalq mahnıları indi də Azərbaycanın musiqi xəzinəsinin ən qiymətli inciləridir. Şərqin vokal sənəti tarixində, geniş xalq kütlələri arasında Cabbar Qaryağdıoğlu ilə müqayisə edilə biləcək ikinci bir müğənni yoxdur. Onun adı dünya vokal sənətinin bir sıra görkəmli sənətkarlarının adları ilə yanaşı çəkilir. Cabbar Qaryağdıoğlunun səsi güclü dramatik-tenor tipli səs idi. O, bu güclü və əzəmətli səsi ilə son dərəcə lirik-minor ruhlu muğam sayılan “Segah”ı olduqca həzin və yumşaq, eyni zamanda, yanıqlı səsləndirməklə adamda elə təsəvvür yaradırdı ki, muğamı dramatik tenor yox, lirik tenor oxuyur. Azərbaycanda ilk Şərq konserti 1901-ci ilin yayında Ə.Haqverdiyevin rəhbərliyi altında Şuşada “Xandəmirovun teatr salonu”nda təşkil edilmişdir. Konsertdə Cabbar Qaryağdıoğlu böyük ifaçılıq qabiliyyəti göstərərək, Azərbaycan şairləri ─ Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Seyid Əzim Şirvani və Xurşidbanu Natəvanın qəzəllərini doğma ana dilində ilham və
məhəbbətlə oxumaqla, xanəndəlik sənətində yeni bir mərhələ açmış, muğamatın geniş xalq kütlələri içərisində yayılmasına böyük köməklik göstərmişdir. Şuşadakı ilk Şərq konsertindən sonra Azərbaycanın digər şəhərlərində, xüsusilə də Bakıda XX əsrin ilk illərindən başlayaraq Şərq konsertləri verilirdi. Azərbaycanda opera sənətinin meydana bn gəlməsində də onun rolu böyükdür. Opera səhnəmizin ilk aktyoru məhz Qaryağdıoğlu olmuşdur. Seyid Şuşinski, Bülbül, Davud Səfiyarov, Zülfü Adıgözəlov, Xan Şuşinski, Cahan Talışinskaya, Yavər Kələntərli, Mütəllim Mütəllimov kimi görkəmli muğam ustaları məhz Cabbar Qaryağdıoğlunun tələbələri olmuşlar. Cabbar Qaryağdıoğlunun böyük sənəti və zəngin səsi dünyanın bir çox bəstəkarlarının, musiqişünas və mədəniyyət xadimlərinin diqqət mərkəzində olmuşdur. Onun sənətinin sirləri gənc xanəndələrə öyrədilir. Onun “Şahnaz”ı, “Qatar”ı, “Heyratı”sı musiqi xəzinəmizin ən qiymətli inciləridir. Adları və mükafatları: “Azərbaycan SSR xalq artisti” fəxri adı — 1935, “Şərəf Nişanı” ordeni.
Filmoqrafiya: Neft və milyonlar səltənətində (film, 1916) – Xanəndə (Tammetrajlı Bədii Film), Məhəmməd Füzuli (film, 1958), Məclisi üns (film, 2006), Muğamat var olan
yerdə… (film, 2009)

Gundelik.az

Exit mobile version