Narkomaniya “ağ ölümdür”, həyatdan üz çevirməkdir.“Narkomaniya” və “ölüm” sözləri bu gün insanların təsəvvüründə sinonim sözlərə çevrilib.
Müasir dövrümüzdə insanlıq üçün böyük bəla olan narkomaniya bütün dünyada geniş yayılmışdır. Bu bəla ilə mübarizə etmək bir o qədər asan deyil. Narkotik maddə alverçiləri uşaqların çox olduğu yerlərdə olur, onlara həmin məhsulları təklif edirlər. Pul qazanmaq naminə onlar insanları, xüsusilə uşaqları ölümə aparan bu pis vərdişə alışdırırlar.
Narkotik maddələr müxtəlif çeşidlidir. Daha çox yayılanları isə xaşxaş, tiryək, marixuana, heroin, kokain və s.-dir. Son illər kimyəvi laboratoriyalarda hazırlanan yeni sintetik narkotik maddələr meydana gəlmişdir. Bunlar xüsusilə təhlükəlidir, çünki birinci dəfədən adamı özünə alışdıra bilir. Narkotiklərdən asılılıq ağır xəstəliyə – narkomaniyaya gətirib çıxarır.
Narkotik maddələr insan sağlamlığına bərpaedilməz ziyan vurur, fiziki qüvvələri tükəndirir, bədənin çəkisi birdən-birə azalır, ümumi zəhərlənmə baş verir. Narkomaniya keçici xəstəliklərin sürətlə yayılmasına səbəb olur. Narkotik maddələrin bir çoxu şprislə qana ötürüldüyündən və narkoman qrupları daxilində eyni şprisdən istifadə edildiyindən narkomanlar arasında QİÇS və başqa xəstəliklərə tutulmuş insanlar çoxdur. Narkotik maddə alverçiləri heroin və kokaini yuyucu toz və ya şəkər tozu qatıb satırlar, ona görə də narkomanda şəkərli diabet tez inkişaf edir. Əgər “xalis mal”, yəni heç bir qarışığı olmayan narkotik maddə qəbul olunarsa, zəhərin güclü təsirindən o saat ölmək olar. Ən dəhşətlisi odur ki, bir neçə dəqiqə ərzində baş beyin zədələnə və bununla da yaşaya- yaşaya şikəstlik əmələ gələ bilər. Belə halda adam düşünmək, hərəkət etmək, reaksiya vermək qabiliyyətini itirir, danışmaq və müxtəlif əşyalardan istifadə etmək imkanından məhrum olur.
Narkotik maddələrin gənc nəsillər arasında yayılması təhlükəsini nəzərə alaraq, bir çox ölkələr “Narkotiksiz gələcək naminə” milli proqramlar qəbul edirlər. Buraya təhsil ocaqlarında, hüquq mühafizə orqanlarında, təşkilatlarda narkomaniyanın ziyanı haqqında maarifləndirilmə kampaniyaları daxildir. Bu kampaniyalar kütləvi informasiya vasitələri, o cümlədən internet şəbəkəsi vasitəsilə aparılır. Narkomaniya ilə bağlı problemləri daim ictimaiyyətin nəzarəti altında saxlamaq məqsədilə BMT iyun ayının 26-nı Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan etmişdir.
Gundelik.az
26 İyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü

