Xidmət etmək sayılır kişilikdən nişana, Xalqına xidmət etmək bir şərəfdir insana.
Nizami Gəncəvi
Azərbaycanın ilk polis bölüyü 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti dövründə cinayətkarlıqla mübarizə aparmaq və ictimai təhlükəsizliyi təmin etmək məqsədilə yaradılıb. Polis bölüyünün yaranmasından 80 il sonra həmin gün polislərin peşə bayramı kimi qeyd olunmağa başlayıb. Belə ki, Prezident Heydər Əliyevin 24 may 1998-ci il tarixli “Azərbaycan Polisi Gününün təsis edilməsi haqqında” fərmanına əsasən iyulun 2-si Azərbaycan daxili işlər orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur. Azərbaycan polisinə verilən bu önəmin səbəbi ondan qaynaqlanır ki, ulu öndər ölkəmizdə daim polisin fəaliyyətinə yüksək qiymət verib. İctimai sabitliyin qorunub saxlanmasında, cinayətkarlıq hallarının qarşısının alınmasında daxili işlər orqanlarının fəaliyyəti yüksək qiymətləndirilib. Azərbaycan polisi dövlətə və xalqa yüksək sadiqlik nümayiş etdirməklə, mühüm vəzifələrin öhdəsindən həmişə layiqincə gəlib. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan polisi cinayətkarlığa qarşı mübarizədə ictimai qaydanın və təhlükəsizliyin təminində, daxili sabitliyin yaradılması sahəsində qanunla müəyyən edilən vəzifəsini layiqincə yerinə yetirir. Azərbaycan polisi Qarabağ müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Daxili işlər orqanlarının və daxili qoşunların şəxsi heyətinin 931 nəfəri bu müharibədə şəhid olmuşdur. Polisin sıralarında xeyli sayda “Azərbaycanın Milli Qəhrəmanı” adına, habelə orden və medallarla təltifə layiq görülənlər vardır. Bu gün Azərbaycan polisi öz peşəkarlığını artırmaqla yanaşı, eyni zamanda beynəlxalq standartlara uyğunlaşdırılır.
İnternetdə: www.books.google.com
Gundelik.az

