Hazırki vaxtda insanlar arasında müəyyən ziddiyətlər, sözlü münaqişələr təkzibedilməzdir. Ailədə, iş yerlərində, ictimai yerlərdə, küçələrdə və s. insanlar arasında tez-tez sözlü təhqir və təhdidlərə rast gəlinir. Bu təqdirdə hüquq sahəsində fəaliyyət göstərən, qanunvericilik və insan hüquqları mövzularında dəyərli təcrübəyə malik olan Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərova suallar ünvanladıq. Bu müsahibədə biz müasir hüquqi sistemimizdə aktual olan sözügedən mövzu və məsələlərə toxunacaq, həmçinin vətəndaşların gündəlik həyatında qarşılaşa biləcəyi hüquqi çətinliklər barədə praktik məsləhətlər alacağıq.
Müsahibəni təqdim edirik:
Fariz müəllim, küçədə münaqişə zamanı digər insan tərəfindən təhqir və ya təhdid olunan vətəndaşın huquqları nədir? Bəs digər şəxsin cəza tətbiqləri varmı, varsa nələrdir?
—Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin birinci hissəsinə görə, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. İkinci hissədə isə qeyd olunur ki, şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Göründüyü kimi, insan şərəf və ləyaqəti ən yüksək qanunumuz olan – Konstitusiya ilə qorunmaqdadır. Şəxsiyyətin şərəf və ləyaqəti onun ən ali, təbii və ayrılmaz hüququdur.
Küçədə insanları təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati və cinayət məsuliyyəti daşıyır..
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə görə, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma – 1000 manatdan 1500 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Cinayət Məcəlləsinin 148.1-ci maddəsinə görə, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə – 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində deyilir ki, Maddə 510. Xırda xuliqanlıq
Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə – əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur.
Maraqlı müsahibə üçün Fariz müəllim Əkbərova təşəkkür edirik.
Subyekt.az