Gundelik.az Tarixdə bu gün 15 İyun – Ümumdünya Külək Günü
Tarixdə bu gün Xəbərlər

15 İyun – Ümumdünya Külək Günü

Bu qeyri-adi bayramın keçirilməsi Avropa Külək Enerjisi Assosiasiyası və Ümumdünya Külək Enerjisi Şurası tərəfindən təklif olunmuşdur. Həmin günü keçirməkdə məqsəd dünya ictimaiyyətini maarifləndirmək, diqqətini bu məsələyə yönəltməkdir. Külək enerjisi küləyi meydana gətirən hava axınının sahib olduğu hərəkət (kinetik) enerjisidir. Alternativ enerji (bərpa olunan) mənbələrindən biri hesabolunur. Bu enerjinin bir hissəsi faydalı olan mexaniki və ya elektrik enerjisinə çevrilə bilər.
Külək enerjisi digər alternativ enerji mənbələri olan günəş, hidroenergetika, geotermal və biokütlə enerjilərdən özünün maya dəyərinə, ekoloji təmizliyinə və tükənməzliyinə görə  ən sərfəlisidir. İnsanlar küləyin gücündən çox qədim dövrdən bəri faydalanırlar. Buna misal olaraq yelkənli gəmilər və yel dəyirmanları göstərilə bilər. Daha sonra taxıl dənüyütmə, nasosla suvurma, ağackəsmə işləri üçün də külək gücündən faydalanılmışdır.
İndiki vaxtda daha çox elektrik enerjisi almaq məqsədilə istifadə edilməkdədir. Elektrik enerjisi istehsalı üçün daha səmərəli texnologiyalardan biridir. Külək qurğularının inşasına ənənəvi elektrik stansiyalarının qurulmasına nisbətən daha az vaxt sərf olunur. Bundan başqa, külək, əslində, istənilən ölkənin malik olduğu daimi təbii enerji mənbəyidir. Külək enerjisindən istifadə olunması energetikanın daha tez inkişaf edən
sahələrindən biridir. Azərbaycan ərazisində əsasən Abşeron yarımadası, Xəzər dənizi və digər ərazilər külək enerjisindən istifadə etmək üçün daha məqsədəuyğun sayılır.
Azərbaycanın külək rejimi mürəkkəb xarakterə malikdir. Bu da ölkə ərazisinin 60%-nin dağlıq zonalardan ibarət olması ilə əlaqədardır.

Gundelik.az

Exit mobile version