Hər il dekabrın 15-də aparıcı dünya çay istehsalçısı statusuna malik bütün ölkələrdə Beynəlxalq Çay Günü (International Tea Day) qeyd olunur. Bu günün qeyd olunmasının məqsədi – hökumətlərin və insanların diqqətini çay satışı problemlərinə, çay istehsalı sahəsində işləyən işçilərin, kiçik istehsalçıların və istehlakçıların vəziyyətinə cəlb etməkdir. Bayramın bir məqsədi də bu içkinin populyarlaşdırılmasıdır. 15 dekabrda Çay sənayesi işçilərinin hüquqlarının dünya bəyannaməsi elan olunmuşdur. Beynəlxalq Çay Gününün məhz dekabrın 15-də qeyd edilməsi qərarı 2004-cü ildə Mumbayda (Hindistan) və 2005-ci ildə Porte Alleqredə (Braziliya) keçirilmiş Ümumdünya ictimai forumunun gedişi zamanı beynəlxalq təşkilatlarda və həmkarlar ittifaqlarında müzakirələrdən sonra qəbul edilmişdir. Bu günü, əsasən, iqtisadiyyatında çay istehsalının önəmli yer tutduğu ölkələr – Hindistan, Şri-Lanka, Banqladeş, Nepal, Çin və s. qeyd edirlər.
Çayın bir içki kimi ilk dəfə Çin imperatoru Şen Nunq tərəfindən təxminən e.ə 2737ci ildə aşkar olunduğu hesab olunur. Belə ki, imperator çay yarpağını qaynar su olan fincana salmış və beləcə çay içkisi yaranmışdır. Eramızın 400-600-cü illərində Çində çaya maraq artır və bunun nəticəsində çay bitkisinin kultivasiyası prosesləri inkişaf edir. Rusiya və Avropada çay XVII əsrin birinci yarısında məlum olur. Çay tarixində ən məşhur hadisələrdən biri isə 1773-cü il dekabrın 16-da baş verən “Boston çayiçməsi” olmuşdur. Həmin vaxt Amerika müstəmləkəçiləri Böyük Britaniya tərəfindən çaya tətbiq olunan vergiyə etiraz işarəsi kimi Boston sahilinə çay yeşikləri atmışlar.
Bir çox ölkələr özlərinin çayiçmə ənənələrinə malikdirlər. Bəzi xalqlar çayı süddə dəmləyirlər. Bəzi yerlərdə isə çaya xüsusi ədviyyatlar qatılır. Amma bir fakt danılmazdır ki, çay dünyada ən çox sevilən içki olaraq qalır. Bu bayram da hələ ki, rəsmi olmasa da, çaysevərlər tərəfindən getdikcə daha çox qeyd olunur. Çay günündə müxtəlif sərgilər, reklam aksiyaları və s. keçirilir.
Gundelik.az

