Gundelik.az Müsahibə Yolu tərəqqidən keçən xanım—Aygün Məmmədli
Müsahibə

Yolu tərəqqidən keçən xanım—Aygün Məmmədli

Hal-hazırda sosial şəbəkələrdə aktivlik və gənclərin marağının daha asan və  əyləncəli mövzulara yönəlməsi qarşıya belə bir sual çıxarır. Təhsil almağa və inkişafa maraq  azalırmı ? Gundelik.az saytı olaraq bu suala daha ətraflı cavab almaq üçün World Karyera və Peşə mərkəzinin direktoru və İnnovativ Təhsil İşçiləri Birliyinin rəhbəri — Aygün Məmmədliyə  müraciət etdik.
Müsahibəni təqdim edirik:
Son zamanlarda daha çox hansı yaş kateqoriyası xarici dilləri öyrənmək üçün təhsil mərkəzinizə müraciət edir ?
— Bizim Təhsil Mərkəzi 2013 cü ildən fəaliyyət göstərir və bu müddətdə  minlərlə şəxsin İngilis , Rus , Alman , Koreya və Çin dillərini öyrənməsinə səbəb olmuşdur. Son 5 ildə isə, daha doğru desək Pandemiya dönəmindən sonra müəyyən dəyişikliklər nəzərə çarpır. Məsələn artıq məktəblərdə rus dili əvvəlki dönəmlərə görə daha uzun müddət tədris olunmadığından 20-27 yaş gənclər rus dilini öyrənmək üçün mərkəzimizə gəlir və baza biliklərdən dərsə başlayır. İngilis dilini isə bizim mərkəzdə daha çox iş adamları, yetişkin şəxslər öyrənir. Daha çox gündəlik ünsiyyət və karyerda yüksəlmək üçün öyrənirlər. Yeniyetmə və gənclərin bir hissəsi isə məktəb və universitetlərdə ingilis dilində təhsil aldığı və ingilis dilinə önəmin daha çox verilməsi səbəbi ilə onlar hal hazırda daha çox İELTS, SAT , DUOLİNGO, TOEFL kimi beynəlxalq  Sertifikatlar əldə etmək üçün kursa müraciət edir. Qısacası demək olar ki, hər yaş kateqoriyası xa rici dilləri öyrənir amma öyrəndikləri dillər və buna xərclədikləri zaman dəyişmişdir.
Xarici dilləri öyrənmək üçün mərkəzinizə müraciət edənlərin dərs davamiyyəti və öyrənmə keyfiyyətində hansı dəyişikliklər yaşanır?
Mən düşünürəm ki, hər şey disiplindən və maraqdan asılıdır. Məsələn 11-19 yaş yeniyetmələr arasında koreya dili ən məşhur dildir və həm Azərbaycan , həm də Rus bölməsi üzrə Koreya dilini tədris edərkən görürük ki, daha uzun müddət və nəticəyə çatana qədər kursu davam etdirirlər. İş adamlarının davamiyyəti isə daha zəif olur. Buna səbəb olaraq daha çox məsuliyyətinin olması və işləməsi səbəbilə kursa vaxt ayıra bilməmək, daha yoröun olmaq və gün ərzində dərsə vaxt ayıra bilməmək əsas səbəblərdəndir. Gənc və Yeniyetmələrin kursu davam etməsi isə son 5 ildə 40-50% azalıb. Buna səbəb olaraq məktəb və universitet imtahanlarına diqqətin ayrılması , bəzən həvəssiz şəkildə valideyn tərəfindən kursa yazdırılması , bəzən isə maddi olaraq kursa davam edə bilməmək səbəb olur.  Burada sosial şəbəkələrin rolunu mütləq vurğulamaq lazımdır. Nəzərə alsaq ki, müxtəlif sosial şəbəkə üçün kontent hazırlamağa vaxtı olan və gününün ən az 2-3 saatını orada keçirən gənc və yeniyetmələr istəsələr xarici dil öyrənməyə də vaxt ayıra bilər. Düşünürəm ki, bu hissədə valideynlər övladlarının gələcəyi haqqında düşünməli və gərəkdiyi halda psixoloq və pedaqoqlarda yardım almalıdır.
 Aygün xanım, son dillərin məşhur və daha çox öyrənilən dillərdən biri də alman dilidir. Bunun əsas səbəbi nədir ?
— Alman dilini həmişə öyrənənlər olmuşdur . Amma son 5 ildə Alman  dilini öyrənənlər dəfələrcə artmışdır. Buna səbəb Almaniyanın ödənişsiz peşə təhsili və iş imkanları , eləcədə də digər ölkələrdən gələnlər üçün şərait yaratması olmuşdur. Bu səbəblə Alman dilini daha çox 25-45 yaş arası insanlar, xüsusilə bəylər daha çox öyrənir. Amma burada yaranan geniş bir problem alman dilinin digər dillərə nisbətən çətin olması və gərəkdiyi alman dili səviyyəsinə hər kəsin gəlib çata bilməməsi və buna görə Almaniyada karyera qurmaqda çətinlik çəkməsidir. Çox zaman Alman dili kurslarının yarımçıq qoymaq səbəbi alman dilinin çətinliyi olsa da, çox zaman da  kurs üçün əvvəlcədən maddi olaraq düzgün planlama aparılmamasıdır.
Xarici dil öyrənmək istəyənlərə nə məsləhət görürsünüz? Necə daha az pul xərcləməklə, daha tez xarici dili öyrənmək olar ?
— İlk olaraq xarici dil kursuna gedən insan zamanını planlamalıdır. Öz boş vaxtlarına uyğun cədvəl qurmalıdır və kursun yerləşdiyi ərazi ev və ya işə, və ya oxuduğu müəssisəyə yaxın olmalıdır. Əks halda insan tez yorulur və uzun tıxaclar kursdan imtina etməyə səbəb olur. Bu halda biz onlayn görüntülü , canlı şəkildə keçirilən dərsləri məsləhət bilirik, Bildiyiniz kimi ən son texnologiya ilə elektron lövhələr sayəsində onlayn dərslər , əyani dərslərdən fərqlənmir və zamana yola xərclənən enerjiyə qənaət edir.
Zamanı planladıqdan sonra kursa xərcləniləcək maddi vəsaiti də planlamaq lazımdır, Çünki hər ay kursa ödəniş olunur , əgər əvvəlcədən bu aylıq xərclər siyahısına salınmayanda bəzən kursdan imtina etməyə gətirib çıxarır. Eləcə də istehlakçı kimi ağıllı davramaq lazımdır. Marketing sahəsində dəbdə olan geyim , restoran , əyləncə və digər  xidmət və əmtəələr insanı daha çox pul xərcləməyə məcbur edərkən təhsil üçün yatırım etmək bir az çətin olur . Bu bir intellektual seçim məsələsidir. Amma hər birimiz seçimlərimizin nəticəsiyik, seçdiyimizə tezliklə dönüşəcəyik və təhsil xərclənən maddi vəsaitin özünə  dəfələrcə daha çox qayıtdığı yeganə yatırım növlərindən biridir.
Nəhayət ən sonuncu müəllim və ya təhsil mərkəzi seçimi – son 4-5 ildə daha çətin olub, çünki artıq sosial şəbəkələrdə təhsil  mərkəzləri reklam və marketing strategiyaları yarışına keçib . Burada sizə kiçik bir sirr verəcəm. Uzun müddət bir təhsil mərkəzinin səhifəsini izləyəndə onun təhsil vermək yoxsa yalnız reklam videosu çəkmək olduğunu anlayacaqsınız və  sosial şəbəkədə yeni deyil köhnə paylaşılan şəkil və videolara baxmaq onların tarixinə nəzər salmaqda fayda var. Unutmayın nə qədər çox illik fəaliyyət o qədər peşəkar yanaşma və təcrübə vardır.  Təhsil Mərkəzinin sosial ictimai həyatda rolu , iştirak etdikləri tədbirlər, təşkil etdikləri tədbirlər və birlikdə həyata keçirdikləri layihələrə diqqət etmək lazımdır.
Gundelik.az saytı olaraq Aygün Məmmədliyə təşəkkür edir, uğurlar arzulayırıq.
Gundelik.az
Exit mobile version