Gundelik.az Mədəniyyət və cəmiyyət 1 Oktyabr – Beynəlxalq Musiqi Günü, (1975)
Mədəniyyət və cəmiyyət Tarixdə bu gün Xəbərlər

1 Oktyabr – Beynəlxalq Musiqi Günü, (1975)

“Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir. Çünki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir, xalq eyni zamanda misilsiz tənqidçi və musiqi əsərlərinin ən yaxşı “istehlakçısıdır”, xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir”. “İlk gözəl nəğmə və rəqs melodiyalarının yaradıcısı xalq özüdür. Bizə bu gün nümunə olan xalq nəğmələri əsrlərdən bəri işlənə-işlənə yaradılmış və yalnız bizim zəmanəmizdə həqiqi bədii formalar almışdır”.

Üzeyir Hacıbəyli

Bəşəriyyətin musiqi ilə tanışlığı çox qədim dövrlərdən başlayıb. Musiqi intəhasız, heç bir ölçüyə sığışmayan gücə malikdir… Bir çox məşhur bəstəkarlar daxili dünyalarını, duyğularını, istək və arzularını ifadə etmək üçün musiqidən istifadə ediblər. Onların adı məhz musiqinin qüdrəti sayəsində tarixə və gələcək nəsilləri yaddaşına yazılıb. Musiqi heç vaxt qocalmır. İnsanlara bəxş edilən bu ilahi nemət bəşəriyyət var olduqca yaşayacaq. Beynəlxalq Musiqi Günü YUNESKO-nun qərarı ilə 1975-ci il oktyabrın 1-də təsis edilmişdir. Bu bayram hər il bütün dünyada ən yaxşı musiqiçilərin və incəsənət  kollektivlərinin iştirak etdikləri möhtəşəm konsert proqramları ilə qeyd olunur. Həmin gün dünya musiqi xəzinəsinin qeyri-adi, bənzərsiz inciləri ifa edilir.
2000-ci ildə Çin arxeoloqları 2 min illik tarixi olan musiqi alətləri muzeyini aşkara çıxarmışlar. Azərbaycanda da musiqinin tarixi çox qədimlərə gedib çıxır. Qobustandakı qavaldaş daş dövründə yaşamış insanların istifadə etdikləri musiqi alətidir. Qobustan qayalarında qədim Azərbaycanın “Yallı” rəqs səhnələri təsvir olunmuşdur. Bu rəqsin uğurlu ov üçün ovsun mərasimi olduğu vurğulanmışdır. Görünür, Azərbaycan dilinin musiqi dili olması da buradan qaynaqlanır.

Gundelik.az

Exit mobile version