Türkiyə Hava Yollarında yeni dövr: Onilliklərdir qüvvədə olan bu qadağa aradan qaldırıldı

Türkiyə Hava Yollarında yeni dövr: Onilliklərdir qüvvədə olan bu qadağa aradan qaldırıldı

Türkiyə Hava Yolları (THY) kabin və kokpit heyətinin şəxsi baxım qaydalarında dəyişiklik edib.

Yeni qaydalara əsasən, uçuş heyətinə müəyyən şərtlərlə saqqal saxlamağa icazə verilib. Saqqalın uzunluğu 15 millimetrdən çox olmamalı, səliqəli və baxımlı görünməlidir.

Gundelik.az xəbər verir ki, AirportHaber-in yaydığı məlumata görə, THY-nin yeni tətbiq təlimatında uçuş heyətinin istifadə edə biləcəyi saqqal və bığ modelləri də müəyyənləşdirilib.

Hansı saqqal modellərinə icazə verilir?

Yeni qaydalara əsasən, təbii və baxımlı kirşan saqqal, saqqal və bığın birlikdə istifadə edildiyi səliqəli modellər, eləcə də qısa və nizamlı keçi saqqalına icazə verilir.

Saqqalın üz quruluşuna uyğun, təmiz və səliqəli olması tələb olunur.

Hansı modellərə icazə verilməyəcək?

15 millimetrdən uzun saqqallar, dağınıq, seyrək və baxımsız görünən saqqal modelləri qəbul edilməyəcək.

Həmçinin kəskin xətlərlə həddindən artıq formalaşdırılmış modellər, bığsız keçi saqqalı, alt dodağın altında saxlanılan üçbucaq formalı saqqal və yalnız saqqaldan ibarət, bığsız modellərə də icazə verilməyəcək.

Uçuş təhlükəsizliyi əsas şərtdir

Yeni qaydalarda xarici görünüşlə yanaşı, uçuş təhlükəsizliyinə də xüsusi diqqət yetirilib.

Saqqal və bığın fövqəladə hallarda istifadə olunan oksigen maskalarının üzə tam oturmasına və lazımi kipliyi təmin etməsinə mane olmaması tələb olunur.

Beləliklə, THY-nin kabin və kokpit heyəti müəyyən edilmiş uzunluq, baxım və təhlükəsizlik tələblərinə əməl etməklə uçuşlar zamanı saqqallı ola biləcək.

Nurəddin Abdullayev
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.