Suriyada qorxulu gecə: Sursat anbarında ard-arda partlayışlar

Suriyada qorxulu gecə: Sursat anbarında ard-arda partlayışlar

Suriyanın Hələb şəhərində gecə saatlarında güclü partlayışlar baş verib.

Gundelik.az Türkiyə mediasına istinadən xəbər verir ki, Hələbin cənub kəndlərində yerləşən Əl-İs və ətrafındakı Suriya ordusuna məxsus hərbi məntəqədə əvvəlcə güclü partlayış qeydə alınıb, ardınca isə bir neçə partlayış baş verib.

Partlayış səsləri Hələb şəhərinin mərkəzində və ətraf kəndlərdə də eşidilib. Hadisə nəticəsində ilkin məlumata görə, 4 nəfər xəsarət alıb.

Suriyanın rəsmi SANA xəbər agentliyi də partlayışın Əl-İs yaxınlığındakı orduya məxsus hərbi məntəqədə baş verdiyini təsdiqləyib.

Sursat anbarı partlayıb?

Hadisə yerindən yayılan görüntülərdə ilk partlayışdan sonra göy üzünün işıqlandığı, çoxsaylı yanıcı və partlayıcı olduğu ehtimal edilən cisimlərin müxtəlif istiqamətlərə səpələndiyi görünür. Partlayışlardan sonra ərazidən güclü tüstü yüksəlib.

Suriya İnsan Haqları Müşahidə Qrupu ilkin məlumatların Əl-İs yaxınlığındakı **sursat anbarında partlayış baş verdiyini** göstərdiyini açıqlayıb.

Bölgə mənbələri də partlayışların Suriya ordusuna məxsus silah və sursat anbarlarında baş verdiyini bildiriblər.

Hadisənin səbəbi isə hələlik məlum deyil. Suriya hakimiyyətinin partlayışların səbəbini və hadisənin təfərrüatlarını araşdırdığı bildirilir.

Nurəddin Abdullayev
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.