Nigar Məmmədova: “Qubadlının bərpası rayonun gələcək inkişafının əsas istiqamətlərini müəyyənləşdirir”
Qubadlının bərpası rayonun gələcək inkişafının əsas istiqamətlərini müəyyənləşdirir.
Bunu Gundelik.az-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.
O xatırladıb ki, hər il oktyabrın 25-də Azərbaycanda Qubadlı Şəhəri Günü qeyd olunur: "Bu tarix xalqımızın yaddaşında tarixi ədalətin bərpası, milli birliyin təcəssümü kimi xüsusi yer tutur. 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərinin işğaldan azad edilməsi 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin mühüm mərhələlərindən biri oldu.
Qubadlı uğrunda döyüşlər Azərbaycan Ordusundan yüksək peşəkarlıq tələb edirdi. Ərazinin mürəkkəb relyefi və strateji yüksəkliklərin əhəmiyyəti əməliyyatın gedişində vacib rol oynayırdı. Ordumuzun uğurlu hərbi əməliyyatları nəticəsində Qubadlı şəhəri azad edildi. Bu qələbə Laçın istiqamətində hərbi əməliyyatlar üçün əlverişli şərait yaratdı və Azərbaycanın Zəfər yürüşündə mühüm mərhələ oldu.
Qubadlı Birinci Qarabağ müharibəsi zamanı, 1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal illərində rayonun yaşayış məntəqələri dağıdılmış, əhalisi doğma yurdlarından didərgin düşmüşdü. 2020-ci ildə əldə olunan qələbə ilə uzun illər davam edən məcburi köçkünlük dövrü başa çatdı".
Deputat bildirib ki, işğal dövründə tarixi Azərbaycan torpaqlarında qanunsuz məskunlaşma siyasəti Ermənistanın müharibə cinayətlərinin tərkib hissəsi idi: "2020-ci il dekabrın 23-də Qubadlıya səfəri zamanı Prezident İlham Əliyev Xanlıq kəndində qanunsuz məskunlaşma aparıldığını xatırladaraq, xaricdən gətirilmiş ermənilərin məhz bu kənddə yerləşdirildiyini bildirmişdi.
Qanunsuz məskunlaşma zamanı azərbaycanlılara məxsus əvvəlki evlər sökülmüş və onların yerində yeni evlər tikilmiş, kənddə hərbi istehkam və baza da yaradılmışdı.
Təsadüfi deyil ki, 2020-ci il avqustun 15-də Azərbaycan Xarici İşlər Nazirliyi və “Azərkosmos”un birgə açıqlamasında Qubadlının Xanlıq kəndində yeni yaşayış məntəqəsinin salınması da təsdiqlənən faktlar sırasında idi. Yeri gəlmişkən, 1949-cu il Cenevrə Konvensiyalarının IV Konvensiyasının 49-cu maddəsinin 6-cı bəndi işğalçı dövlətin öz mülki əhalisinin bir hissəsini işğal etdiyi əraziyə köçürməsini qadağan edir".
Nigar Məmmədova vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası bu ərazilərdə qanuni idarəetmənin yenidən qurulmasına imkan verdi: "2021-ci il oktyabrın 27-də Qubadlı ərazisində “Qubadlı” gömrük postunun yaradılması da dövlət sərhədinin və gömrük qaydalarının təmin edilməsi istiqamətində atılan addımlardan biri oldu.
Qubadlı şəhərinin azad olunmasından sonra rayonun qarşısında duran əsas vəzifələrdən biri dağıdılmış infrastrukturun bərpası, müasir yaşayış mühitinin yaradılması və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edilməsidir. 2023-cü il mayın 4-də Prezident İlham Əliyev Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin təməlini qoyub. Son illərdə bütün azad olunmuş ərazilərdə olduğu kimi, burada da şəhərsalma, yol, enerji, sosial infrastruktur və yaşayış məntəqələrinin yenidən qurulması üzrə layihələr həyata keçirilir. Şəhərin 2040-cı ilədək inkişafına dair Baş planı 2025-ci il sentyabrın 9-da təsdiqlənib. 2026-cı ildə şəhərin ilk yaşayış məhəlləsinin tikintisinə başlanılıb. Layihədə 21 bina və 176 mənzil nəzərdə tutulur.
Qubadlı şəhərinin Baş planı rayonun gələcək inkişafının əsas istiqamətlərini müəyyənləşdirir. Məqsəd şəhərin tarixi və təbii xüsusiyyətlərini nəzərə alan, müasir şəhərsalma prinsiplərinə uyğun yaşayış mühiti formalaşdırmaqdır.
Mahruzlu və Zilanlı kəndlərinin yenidən qurulması Böyük Qayıdış proqramının Qubadlı rayonunda həyata keçirilən mühüm istiqamətlərindəndir. Hər iki kənddə yaşayış evlərinin tikintisinə başlanılıb və sosial obyektlərin yaradılması nəzərdə tutulub.
Qubadlının bərpasında avtomobil yollarının xüsusi əhəmiyyəti var. Qubadlı–Eyvazlı avtomobil yolunun tikintisi rayonun yaşayış məntəqələri arasında əlaqələrin yaxşılaşdırılmasına, nəqliyyat imkanlarının genişlənməsinə və iqtisadi fəallığın artmasına xidmət edir. Təxminən 28,5 kilometr uzunluğunda nəzərdə tutulan yolun tikintisi kəndlərin rayon mərkəzi ilə əlaqəsini gücləndirmək baxımından əhəmiyyətlidir".
Deputat qeyd edib ki, bununla yanaşı, yeni Qubadlı–Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi üzrə tədbirlər regionun nəqliyyat əlaqələrinin inkişafına yönəlib: "Bu layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları arasında əlaqələrin genişləndirilməsi, yük və sərnişin daşımalarının asanlaşdırılması, eləcə də gələcək iqtisadi fəaliyyət üçün əlverişli şəraitin yaradılması baxımından vacibdir.
Yol infrastrukturu ilə yanaşı, elektrik enerjisi, su təchizatı, rabitə və digər kommunal xidmətlərin inkişafı da dayanıqlı məskunlaşmanın əsas şərtlərindəndir. Cənab Prezident Həkəri və Bazarçay çaylarını, rayonun zəngin təbiətini və sərvətlərini Qubadlının inkişafı üçün əhəmiyyətli imkanlar kimi dəyərləndirib. Yerli və xarici investorların cəlb olunması, rayonun iqtisadi inkişaf planının hazırlanması da əsas prioritetlər sırasındadır.
Bu gün qarşıda duran əsas vəzifə qazanılmış Zəfəri davamlı inkişafla möhkəmləndirmək, doğma torpaqlarda həyatın bərpasını təmin etməkdir".
Foto qalereya
1 / 1