Hacıbəy Heydərli: Sosial şəbəkələr informasiya mübarizəsinin mühüm məkanına çevrilib

Hacıbəy Heydərli: Sosial şəbəkələr informasiya mübarizəsinin mühüm məkanına çevrilib

Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli “Baku TV”nin efirində yayımlanan “Aktual Gündəm” verilişinin qonağı olub.

Gundelik.az xəbər verir ki, verilişdə sosial şəbəkələrin cəmiyyətə və media sektoruna təsiri, rəqəmsal platformaların informasiya mühitində artan rolu ətrafında müzakirələr aparılıb.

Hacıbəy Heydərli çıxışı zamanı “TikTok” platformasının geniş auditoriyasına, informasiya istehlakında yaratdığı yeni tendensiyalara, sosial media istifadəçilərinin məsuliyyətinə və kontent istehsalının xüsusiyyətlərinə toxunub. O, həmçinin ənənəvi medianın dəyişən rəqəmsal reallıqlara uyğunlaşmasının vacibliyini vurğulayıb.

Mətbuat Şurası İdarə Heyətinin üzvünün diqqət çəkdiyi əsas məqamlardan biri sosial şəbəkələrin ictimai rəyin formalaşmasında və gündəmin müəyyənləşdirilməsində artan roludur.

Onun fikrincə, sosial şəbəkələr artıq yalnız ünsiyyət və məlumat paylaşımı vasitəsi deyil, həm də informasiya mübarizəsinin aparıldığı mühüm platformalardır. Bu məkanların cəmiyyətə və ayrı-ayrı vətəndaş qruplarına təsir imkanları media qurumları və jurnalistlər qarşısında yeni vəzifələr müəyyənləşdirir.

Hacıbəy Heydərli hesab edir ki, media təmsilçiləri mövcud reallığı düzgün qiymətləndirməli, auditoriyanın dəyişən vərdiş və tələbatlarını nəzərə almalı, sosial şəbəkələrdə daha fəal və peşəkar şəkildə təmsil olunmalıdırlar.

Verilişdə səsləndirilən fikirlər müasir media mühitində rəqəmsal platformaların əhəmiyyətini, peşəkar jurnalistikanın yeni informasiya çağırışlarına uyğunlaşmasının vacibliyini bir daha gündəmə gətirib.

Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.