Gülçin Aslanlı: “Tarix kitablarla qorunur, sənətlə isə əbədiləşir” - FOTO
Rəssam, heykəltəraş, mədəniyyət təşəbbüskarı və ASLANLI MUSEUM – Mədəniyyət və Yaradıcılıq Mərkəzinin təsisçisi Gülçin Aslanlı 8 Noyabr – Zəfər Gününə həsr etdiyi “Zəfər” adlı heykəltəraşlıq əsərini təqdim edir.
Azərbaycan xalqının tarixi Qələbəsindən ilhamlanaraq ərsəyə gətirilən əsər milli qürurun, qəhrəmanlığın, Vətənə sədaqətin və xalqımızın sarsılmaz iradəsinin bədii təcəssümüdür.
Heykəlin kompozisiyasında Azərbaycan bayrağı, Şuşa qalasının rəmzi təsviri, Azərbaycan əsgərinin obrazı və Zəfər tarixini simvolizə edən 8 rəqəmi öz əksini tapıb. Kompozisiyanın hər bir detalı xalqımızın mübarizə ruhunu, şəhidlərimizin əziz xatirəsini və tarixi Qələbəmizin mənəvi əzəmətini ifadə edir.
Qeyd edək ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə xalqımızın yaddaşında əbədi yer tutub. Bu Zəfər dövlətimizin tarixində mühüm dönüş nöqtəsinə çevrilməklə yanaşı, milli birliyimizin və hərbçilərimizin qəhrəmanlığının rəmzi kimi tarixə düşüb.
Gülçin Aslanlı əsərin ərsəyə gəlməsi ilə bağlı Gundelik.az-a açıqlamasında bildirib ki, “Zəfər” onun üçün sadəcə heykəltəraşlıq nümunəsi deyil, həm də milli yaddaşa, şəhidlərimizin əziz xatirəsinə və gələcək nəsillərə ünvanlanan mənəvi mesajdır:
“Zəfər bizim üçün sadəcə tarixə yazılmış bir Qələbə deyil. O, xalqımızın iradəsi, şəhidlərimizin müqəddəs əmanəti və gələcək nəsillərə ötürəcəyimiz milli qürurumuzdur. Mən bir Azərbaycan qadını və sənətkarı olaraq bu tarixi sənətin dili ilə yaşatmağı özümə mənəvi borc hesab edirəm. Çünki tarix kitablarla qorunur, sənətlə isə əbədiləşir”.
Mədəniyyət sahəsində təşəbbüsləri və yaradıcılıq fəaliyyəti ilə milli-mənəvi dəyərlərin təbliğinə töhfə verməyi qarşısına məqsəd qoyan Gülçin Aslanlının “Zəfər” əsəri də bu istiqamətdə atılan addımlardan biridir.
Beləliklə, “Zəfər” əsəri keçmişin qəhrəmanlığına ehtiram, bu günün qüruruna ifadə və gələcək nəsillərə ötürülən sənət mesajı kimi diqqət çəkir.
Gundelik.az
Foto qalereya
1 / 1