Fəhlə təsadüfən xəzinə tapdı: 5 banka dolusu qızıl və gümüş sikkə

Fəhlə təsadüfən xəzinə tapdı: 5 banka dolusu qızıl və gümüş sikkə

Su novunu təmizləyərkən gözlərinə inanmadı: Köhnə evin divarından qızıl və gümüş xəzinə çıxdı!

ABŞ-nin Tennessi ştatında köhnə ferma evində su novlarını təmizləyən fəhlə təsadüfən qızıl və gümüş sikkələrdən ibarət xəzinə aşkar edib.

Gundelik.az xəbər verir ki, daş divarın arxasında gizlədilən qiymətli kolleksiya barədə “AgWeb” nəşri məlumat yayıb.

Tennessi ştatının cənubunda yerləşən köhnə ferma evini satın alan cütlük su novlarının təmizlənməsi üçün fəhlə tutub. İş zamanı nərdivanda olan kişi daş divarın yaxınlığında günəş işığının metal üzərində əks olunduğunu görüb.

Əraziyə daha yaxından baxdıqda məlum olub ki, yağış suları torpağı yuyaraq metal qapaqları üzə çıxarıb.

Torpaqdan ümumilikdə beş şüşə banka çıxarılıb. Bankaların hər biri ağzınadək qızıl və gümüş sikkələrlə doldurulub.

Xəzinənin əsas hissəsini 1933-cü ildən əvvəl ABŞ-da zərb edilmiş qızıl sikkələr təşkil edib. Kolleksiyada, həmçinin “Morgan” və “Peace” seriyalarına aid gümüş dollarlar da yer alıb.

Sikkələrin böyük əksəriyyəti XIX əsrin sonu və XX əsrin əvvəllərinə aiddir. Onların bir çoxunun yaşı 100 ildən çoxdur. Mütəxəssislərin fikrincə, kolleksiya torpağın altında bir neçə onillik ərzində qalıb.

Xəzinəni kimin və hansı məqsədlə gizlətdiyi isə hələ də məlum deyil.

Aşkar edilən sikkə kolleksiyasını Naşvil şəhərindən olan diler Kayl Danmar satın alıb. Sövdələşmənin məbləği açıqlanmayıb.

Qeyd edək ki, daha əvvəl Almaniyada həvəskar arxeoloqun ölkənin ən böyük qədim Roma gümüş sikkə xəzinəsini aşkar etdiyi bildirilmişdi. Torpağın altında təxminən 2000 il qalan sikkələrin eramızın II əsrinin ikinci rübündə, Roma imperatoru Adrianın hakimiyyəti dövründə qəsdən basdırıldığı ehtimal olunur.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.