Boyunda şişkinlik və boğaz ağrısına diqqət edin: Badamcıq xərçəngi ola bilər

Boyunda şişkinlik və boğaz ağrısına diqqət edin: Badamcıq xərçəngi ola bilər

Boğazda uzun müddət davam edən şişkinlik və ağrı hər zaman sadə infeksiyadan qaynaqlanmır. Xüsusilə birtərəfli boğaz ağrısı, keçməyən boyun şişkinliyi, udma çətinliyi və qulağa vuran ağrı badamcıq xərçənginin xəbərdaredici əlamətləri arasında yer alır. Mütəxəssislər 2-3 həftədən uzun davam edən şikayətlər zamanı erkən diaqnoz üçün vaxt itirmədən həkim müayinəsindən keçməyi tövsiyə edirlər.

Çox vaxt boğaz infeksiyası ilə qarışdırılan bəzi əlamətlər daha ciddi xəstəliyin xəbərçisi olur. Badamcıq xərçəngi ilkin mərhələdə heç bir ciddi əlamət yaratmır. Lakin xəstəlik irəlilədikcə birtərəfli boğaz ağrısı, boyunda şişkinlik, udma çətinliyi və qulaq ağrısı ilə özünü göstərir. Erkən diaqnoz isə müalicə imkanlarını artırmaqla yanaşı, xəstəliyin nəzarət altına alınmasında mühüm rol oynayır.

Boğazda şişkinlik və ağrı adətən boğaz infeksiyası kimi qəbul edilərək ciddi qəbul olunmur. Lakin bu əlamətlər birtərəfli və uzunmüddətli olduqda badamcıq xərçəngi ehtimalını nəzərdən qaçırmamaq lazımdır.

Qulaq-Burun-Boğaz xəstəlikləri və Baş-Boyun Cərrahiyyəsi üzrə mütəxəssis Prof. Dr. Ömər Bayır badamcıq toxumasındakı hüceyrələrin nəzarətsiz çoxalması nəticəsində yaranan badamcıq şişlərinin müalicəsində erkən diaqnozun böyük əhəmiyyət daşıdığını bildirərək deyib:

“Şişlərin hamısı xərçəng deyil. Lakin yetkin insanda keçməyən boyun şişkinliyi, birtərəfli boğaz ağrısı, udma çətinliyi və ya qulağa vuran ağrı mütləq ciddi qəbul edilməlidir. Bu əlamətlər 2-3 həftədən çox davam edərsə, ‘necə olsa infeksiyadır’ düşüncəsi ilə gözləmək olmaz. Erkən müraciət daha məhdud müalicə ilə daha uğurlu nəticə əldə edilməsinə və həyat keyfiyyətinin qorunmasına imkan verir.”

Prof. Dr. Bayır kişilərdə təxminən 4 dəfə daha çox rast gəlinən badamcıq xərçəngində diqqət edilməli əlamətləri açıqlayaraq mühüm xəbərdarlıqlar edib.

Adətən orta və yaşlı insanlarda rast gəlinən badamcıq xərçəngi dil kökü ilə birlikdə boğaz xərçənglərinin ən çox görüldüyü nahiyələrdən biridir. Uzun müddət tütün məmulatlarından istifadə edənlər, çoxlu miqdarda spirt qəbul edənlər, həmçinin hər iki vərdişə sahib olan insanlar badamcıq xərçəngi baxımından risk qrupunda yer alırlar.

Son illərdə İnsan Papilloma Virusu (HPV) ilə əlaqəli halların artması nəticəsində badamcıq xərçənginin mühüm baş-boyun xərçəngi növlərindən birinə çevrildiyini bildirən Prof. Dr. Ömər Bayır belə deyib:

“Badamcıq xərçənginin əsasən iki yaranma yolu var: uzunmüddətli tütün və çoxlu spirt istifadəsi nəticəsində xərçəngin inkişafı və yüksək riskli HPV infeksiyası ilə əlaqəli xərçəngin yaranması. Tütün və spirt birlikdə istifadə edildikdə risk daha da artır. HPV xüsusilə badamcıq və dil kökü xərçənglərində son illərin ən mühüm mövzularından biridir. HPV ilə əlaqəli xəstəliklərin geniş yayıldığı ABŞ kimi ölkələrdə orofarenks xərçənglərinin 60-70 faizinin HPV ilə əlaqəli olduğu bildirilir. Lakin bu göstərici ölkələr arasında əhəmiyyətli dərəcədə dəyişir. HPV-16 bu şişlərlə ən güclü əlaqəsi olan yüksək riskli tipdir.

HPV infeksiyalarının böyük hissəsi immun sistemi tərəfindən aradan qaldırılır. Lakin yüksək riskli infeksiya illərlə orqanizmdə qalıcı olduqda hüceyrələrdə nəzarətsiz çoxalma və zamanla xərçəngin inkişafı baş verir.”

Badamcıq xərçəngində diqqətdən kənarda qalmamalı əlamətlər

Prof. Dr. Bayır bildirir ki, badamcıq xərçəngi ilkin mərhələdə heç bir şikayət yaratmaya bilər və ya boğaz infeksiyasına bənzər əlamətlərlə özünü göstərir.

Badamcıq xərçənginin ilk əlamətlərindən biri boynun bir tərəfində yaranan və keçməyən, ağrısız şişkinlik olur. Bunun səbəbi xərçəngin boyundakı limfa düyünlərinə yayılmasıdır.

Digər xəbərdaredici əlamətlər bunlardır:

Birtərəfli və davamlı boğaz ağrısı

Udarkən ağrı və ya qidanın ilişməsi hissi

Badamcıqlar arasında nəzərəçarpacaq ölçü fərqi

Ağızda və ya badamcıq üzərində sağalmayan yara

Qulaq müayinəsi normal olduğu halda birtərəfli qulaq ağrısı

Səsdə dəyişiklik

Qanlı tüpürcək

Səbəbsiz çəki itkisi

Bu əlamətlər 2-3 həftədən çox davam edərsə, “necə olsa infeksiyadır” düşüncəsi ilə gözləmək olmaz. Səbəbin müəyyənləşdirilməsi üçün ətraflı QBB müayinəsindən keçmək lazımdır.

Yetkin insanda böyüyən və ya infeksiya əlamətləri olmadan davam edən boyun şişkinliyinin 2 həftə gözlənilmədən qiymətləndirilməsinin daha doğru olduğunu vurğulayan Prof. Dr. Ömər Bayır nəfəs darlığı, ciddi udma çətinliyi və ya qanaxma olduqda isə təcili tibbi yardıma müraciət edilməli olduğunu bildirir.

Erkən diaqnoz olduqca vacibdir!

Prof. Dr. Ömər Bayır badamcıq xərçəngində erkən diaqnozun müalicə prosesinə birbaşa təsir etdiyini qeyd edərək deyib:

“Erkən diaqnoz şişin daha kiçik olduğu və ətraf toxumalara və ya uzaq orqanlara yayılmadığı mərhələdə müalicə edilməsinə imkan verir. Erkən mərhələdə cərrahi müdaxilə və ya radioterapiya təkbaşına kifayət edir.

Uyğun xəstələrdə şiş ağız boşluğundan tətbiq edilən transoral lazer və ya robotik cərrahiyyə ilə xaricdən böyük kəsik edilmədən çıxarıla bilər. Lazım gəldikdə boyundakı limfa düyünləri də təmizlənir.

Patoloji nəticəsində riskli xüsusiyyətlər müəyyən edilərsə, əməliyyatdan sonra radioterapiya və ya kimyoradioterapiya tətbiq olunur. İrəliləmiş mərhələdə kimyaterapiya və radioterapiya birlikdə tətbiq edilərkən, təkrarlanan və ya yayılmış xəstəlikdə immunoterapiya və digər sistemli müalicələrdən istifadə edilir.

Xüsusilə erkən mərhələdə və HPV ilə əlaqəli xəstəliklərdə kifayət qədər uğurlu nəticələr əldə edilir.”

Kişilərdə təxminən 4 dəfə daha çox görülür!

Badamcıq xərçəngi kişilərdə qadınlara nisbətən təxminən 4 dəfə daha çox müşahidə olunur. Bu nisbət ölkəyə və şişin HPV ilə əlaqəsinə görə dəyişir. Xüsusilə HPV ilə əlaqəli boğaz xərçənglərinin geniş yayıldığı cəmiyyətlərdə fərq daha nəzərəçarpan olur.

Kişilərdə ağız boşluğunda HPV infeksiyasının daha çox müşahidə olunması bu fərqin mühüm səbəblərindən biri hesab edilir. Prof. Dr. Ömər Bayır bildirib:

“Tarixən kişilər arasında tütün və çoxlu spirt istifadəsinin daha yüksək olması da risk fərqini artırır. Bütün tütün məmulatlarından uzaq durmaq, tütündən istifadəni dayandırmaq və spirt qəbulunu məhdudlaşdırmaq riski azaltmaq baxımından əhəmiyyətlidir.

Lakin badamcıq xərçənginin yalnız siqaret çəkən insanlarda yarandığı düşünülməməlidir. HPV siqaret çəkməyən və nisbətən gənc insanlarda da xəstəliyin inkişafına səbəb olur. Buna görə risk qiymətləndirilərkən xəstənin yaşı, vərdişləri və HPV ilə əlaqəli amillər birlikdə nəzərə alınmalıdır.”

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.