Ürək şişinin iki mühüm əlaməti: Tez yorulma və nəfəs darlığı

Ürək şişinin iki mühüm əlaməti: Tez yorulma və nəfəs darlığı

Ürəyin öz toxumasından inkişaf edən şişlər nadir xəstəliklər arasında yer alır. Ürək şişlərinin böyük hissəsi xoşxassəli olsa da, bədxassəli şişlər sürətlə inkişaf edir və cərrahi müdaxilə ilə yanaşı əlavə müalicə üsullarını da tələb edir.

Gündəlik həyatın yorğunluğu ilə əlaqələndirilən nəfəs darlığı və tez yorulma bəzi hallarda ürəyin fəaliyyətinə təsir edən şişlərdən də qaynaqlanır.

Ürəyin daxilində inkişaf edən bəzi şişlər böyüdükcə qan axınının qarşısını alır. Bu zaman ayaqlarda şişkinlik, nəfəs darlığı və güclü halsızlıq kimi əlamətlər meydana çıxır.

Ürək-damar cərrahı Prof. Dr. Korhan Erkanlı yeni başlayan və səbəbi izah olunmayan nəfəs darlığı və tez yorulmanın diqqətdən kənarda qalmamalı olduğunu bildirib. Onun sözlərinə görə, bu şikayətlərin sadə ürək müayinələri ilə araşdırılması erkən diaqnoz baxımından əhəmiyyətlidir.

Miksoma ən çox rast gəlinən xoşxassəli ürək şişlərindəndir. Ürəyin daxilində böyüyən miksoma qan axınını əngəlləyir. Bunun nəticəsində ayaqlarda şişkinlik, nəfəs darlığı və tez yorulma yaranır. İrəliləmiş hallarda nəfəs almaq ciddi şəkildə çətinləşir.

Mütəxəssis bildirir ki, sadə exokardioqrafiya (EKO) ilə bu şişlərin aşkarlanması mümkün olur. Buna görə də yeni başlayan nəfəs darlığı və səbəbsiz tez yorulma şikayətləri olan şəxslərin həkim tərəfindən qiymətləndirilməsi tövsiyə olunur.

Bədxassəli ürək şişləri isə daha sürətli inkişaf edir və cərrahi müalicə ilə yanaşı şüa terapiyası və digər müalicələr tələb olunur. Belə xəstələrin kardioloq, onkoloq, radioterapevt və təcrübəli ürək-damar cərrahlarından ibarət komanda tərəfindən qiymətləndirilməsi müalicənin nəticələrini yaxşılaşdırır.

Mütəxəssis həmçinin 45 yaşdan sonra müntəzəm ürək müayinələrinin əhəmiyyətini vurğulayıb. EKO və fiziki yük testi kimi müayinələr şüalanma tələb etmir və asanlıqla həyata keçirilir.

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.