Telefon və kompüter gözlərimizi necə xəstələndirir? - Cərrah-oftalmoloq Gövhər Əliyevadan açıqlama
“Uşaqların uzun müddət telefon və kompüterdən istifadə etməsi onların yuxu rejiminə, fiziki aktivliyinə və ümumi rifahına mənfi təsir göstərə bilər”
Telefon və kompüterdən uzun müddət istifadə gözlərdə yorğunluq, quruluq, bulanıq görmə və baş ağrılarına səbəb ola bilər. Xüsusilə gün ərzində saatlarla ekran qarşısında olan şəxslərdə bu əlamətlər daha çox müşahidə edilir.
Mövzu ilə bağlı cərrah-oftalmoloq Gövhər Əliyeva Gundelik.az-a açıqlama verib.
Onun sözlərinə görə, rəqəmsal cihazlardan düzgün istifadə göz sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır:
“Telefon və kompüter ekranına uzun müddət fasiləsiz baxmaq gözlərdə yorğunluq, quruluq və yanma hissi yarada bilər. Ekrana diqqətlə baxarkən göz qırpma tezliyi azalır. Nəticədə göz səthinin nəmlənməsi zəifləyir və narahatlıq yaranır. Bundan əlavə, gözlərin uzun müddət yaxın məsafədəki görüntüyə fokuslanması müvəqqəti bulanıq görməyə və baş ağrılarına səbəb ola bilər”.
Həkimin fikrincə, bu problemlərin qarşısını almaq üçün ekran qarşısında müntəzəm fasilələr vermək, düzgün məsafə saxlamaq və gözləri istirahət etdirmək vacibdir.
“20-20-20 qaydasına əməl etmək faydalıdır. Belə ki, hər 20 dəqiqədən bir təxminən 6 metr uzaqlıqdakı obyektə 20 saniyə baxmaq tövsiyə olunur. Eyni zamanda, ekranın parlaqlığını otağın işıqlandırmasına uyğunlaşdırmaq, gözləri tez-tez qırpmaq və uzun müddət fasiləsiz işləməmək lazımdır”, - deyə o vurğulayıb.
Gövhər Əliyev uşaqların və yeniyetmələrin ekran qarşısında keçirdikləri vaxta da diqqət yetirilməsinin vacibliyini diqqətə çatdırıb.
“Uşaqların uzun müddət telefon və kompüterdən istifadə etməsi onların yuxu rejiminə, fiziki aktivliyinə və ümumi rifahına mənfi təsir göstərə bilər. Buna görə valideynlər uşaqların ekran vaxtını yaşlarına uyğun tənzimləməli, onların açıq havada daha çox vaxt keçirməsinə şərait yaratmalıdırlar. Gözlərdə davamlı bulanıq görmə, təkrarlanan baş ağrıları və uzun müddət keçməyən narahatlıq olduqda mütləq həkimə müraciət edilməlidir", deyə o əlavə edib.
Qeyd edək ki, ekran istifadəsi ilə bağlı göz yorğunluğunu azaltmaq mümkün olsa da, davamlı görmə problemlərini yalnız rəqəmsal cihazlarla əlaqələndirmək düzgün deyil.
Nurəddin Abdullayev
Gundelik.az