Sahilə çıxan nəhəng balıq təşviş yaratdı: Ardınca fəlakət baş verəcək?

“Budur, yenə başladı”

Sahilə çıxan nəhəng balıq təşviş yaratdı: Ardınca fəlakət baş verəcək?

Cənubi Amerikanın Çili ölkəsində sahilə uzunluğu beş metr olan nəhəng siyənək kralı (kürəkbalığı deyil, dərinliklərdə yaşayan nadir balıq növü) çıxıb. Fəlakətlərin xəbərçisi hesab edilən bu balıq yerli sakinlər arasında narahatlıq yaradıb.

Gundelik.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Nadir dərinlik balığı oktyabrın 20-də ölkənin şimalındakı Antofaqasta bölgəsinin liman şəhəri Mexilyonesdə sahildə aşkarlanıb. Nəşrin yazdığına görə, balığın tapılması Cənubi Amerikada bir sıra güclü zəlzələlərin qeydə alındığı dövrə təsadüf edib.

Oktyabrın 9-da Panama sahillərində 7,7 maqnitudalı zəlzələ baş verib. Oktyabrın 11-də Peruda 5,2 maqnitudalı yeraltı təkanlar qeydə alınıb. Oktyabrın 17-də isə Ekvadorda eyni gücdə zəlzələ baş verib. Çilidə də oktyabr ayı ərzində müxtəlif gücdə yeraltı təkanlar qeydə alınıb.

Nəhəng balığın tapılmasından sonra çilililər sosial şəbəkələrdə növbəti təbii fəlakətin ölkənin şimalında baş verə biləcəyi ilə bağlı fikirlər yazıblar. Hətta geofizik Stefan Börns də nadir balığın peyda olmasına “Budur, yenə başladı” sözləri ilə münasibət bildirib.

Siyənək kralı həyatının böyük hissəsini 900 metrdən artıq dərinlikdə keçirir və demək olar ki, heç vaxt suyun səthinə qalxmır. Bu balığın sahilə çıxmasının təbii fəlakətlərin yaxınlaşmasına işarə olduğu barədə inanclar mövcuddur.

Bu balıqların qorxulu şöhrətinin elmi izahı da irəli sürülüb. Yapon geoloqu Kiyosi Vadatsumi ehtimal edir ki, siyənək kralları okean dibinə yaxın yaşadıqları üçün tektonik plitələrin hərəkətlərinə daha həssas ola bilərlər. Onun fikrincə, bu xüsusiyyət balıqların təbii fəlakətləri əvvəlcədən “proqnozlaşdırması” təsəvvürünü yarada bilər.

Bununla belə, siyənək krallarının zəlzələləri əvvəlcədən xəbər verdiyini təsdiqləyən etibarlı elmi sübut yoxdur. Balığın sahilə çıxması özlüyündə yaxınlaşan fəlakətin göstəricisi hesab edilə bilməz.

Qeyd edək ki, avqust ayında İndoneziyada da sahildə siyənək kralı tapılmışdı. Uzunluğu dörd metr olan balığı çimərlikdə çadırda gecələyən turist aşkarlamışdı.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.