Rəqəmsal bəyənmələr uşaqların kimliyini necə formalaşdırır?

Rəqəmsal bəyənmələr uşaqların kimliyini necə formalaşdırır?

Uşaqlar artıq yalnız real dünyada deyil, rəqəmsal mühitdə də öz kimliklərini formalaşdırırlar. Bəyənmələr, izləyicilər və paylaşımlar onların özlərini necə görmələrinə və başqalarına necə görünmək istəmələrinə təsir edən əsas amillərə çevrilib.

Rəqəmsal dünyada əldə edilən bəyənmə və izləyici sayı uşaqların kimlik formalaşdırması prosesində mühüm rol oynayır. Lakin sosial mediada populyar olmaq istəyi uşaqları real münasibətlərdən uzaqlaşdıraraq daha səthi, virtual dünyaya yönəldir. Bəs uşaqlar rəqəmsal mühitdə öz nüfuzlarını necə idarə edir və bu proses onlara necə təsir göstərir?

Uşaqların rəqəmsal dünyada kimlik formalaşdırması ilə bağlı sualları klinik psixoloq Mehmet Büyükçorak cavablandırıb.

“Bəyənmə və izləyici sayı kimi göstəricilər uşaqları daim müqayisə aparmağa vadar edir və bu, real mənlik qavrayışının zəifləməsinə səbəb olur.”

Bəyənmə və izləyici sayı kimliyə necə təsir edir?

Sosial mediada bəyənmə və izləyici sayı uşaqların kimlik formalaşdırmasında güclü rol oynayır. Rəqəmsal dünyada alınan rəylər uşağın özünü necə dərk etməsinə birbaşa təsir göstərir. Lakin bu proses hər zaman müsbət nəticə vermir. Mənfi şərhlər, az sayda bəyənmə və ya izləyici itirmək uşaqların emosional tarazlığını pozur.

Psixoloq Mehmet Büyükçorak rəqəmsal dünyadakı qarşılıqlı əlaqələrin uşaqların emosional inkişafına ciddi təsir göstərə biləcəyini vurğulayır:

“Uşaqlar rəqəmsal dünyada kimliklərini formalaşdırarkən aldıqları rəylər əsasında özlərini qiymətləndirirlər. Müsbət rəylər özünəinamı artırdığı halda, mənfi və ya yetərsiz qarşılıqlı əlaqələr uşaqların özlərini dəyərsiz hiss etməsinə səbəb olur.”

Büyükçorak bildirir ki, virtual populyarlıq xüsusilə yeniyetməlik dövründə olan uşaqlar üçün böyük əhəmiyyət daşıyır:

“Xüsusilə yeniyetməlik çağında olan uşaqlar sosial media bəyənmələrini kimliklərinin əsas hissəsi kimi görürlər. Bu isə hər zaman olmasa da, əksər hallarda psixoloji problemlərlə müşayiət olunur.”

Uşaqların 70 faizindən çoxu sosial mediadan istifadə edir

Rəqəmsal dünyada populyarlaşmaq istəyi zamanla real həyatda sosial münasibətlərə də təsir göstərir. Kembric Universitetində aparılan araşdırma virtual mühitdə populyar olan uşaqların bu uğurlarını real həyatda da sübut etmək ehtiyacı hiss etdiklərini və bunun emosional həssaslığa səbəb ola biləcəyini göstərir.

ABŞ və İngiltərədə aparılan araşdırmalar 8-12 yaşlı uşaqların 70 faizindən çoxunun aktiv sosial media hesabına sahib olduğunu göstərir. Onlar yalnız məzmunu izləməklə kifayətlənmir, eyni zamanda özləri də məzmun yaradırlar. Bu isə onların sadəcə izləyici deyil, həm də rəqəmsal kimliklərini fəal şəkildə formalaşdıran şəxslər olduğunu göstərir.

Lakin burada mühüm bir məqam var: rəqəmsal dünyada qazanılan populyarlıq hər zaman real həyatda uğur demək deyil. ABŞ Milli Psixi Sağlamlıq İnstitutunun (NIMH) araşdırmasına görə, sosial mediada daim təsdiq və qəbul axtaran uşaqlar real həyatda tənhalıq hissi ilə daha çox üzləşirlər.

Virtual populyarlıq axtarışı uşaqların real dünya ilə əlaqələrini zəiflədir. Çünki sosial mediada böyük diqqət qazanan uşaq real həyatda eyni səviyyədə maraqla qarşılaşmır. Nəticədə virtual dünyada keçirilən vaxt real həyatdakı fəaliyyətləri üstələyir.

Virtual və real dünya arasında tarazlıq necə yaradılmalıdır?

Psixoloq Büyükçorak rəqəmsal kimliklə real həyat arasında tarazlıq yaratmağın valideynlər və müəllimlər üçün mühüm məsuliyyət olduğunu bildirir. Onun sözlərinə görə, virtual dünyada populyarlıq qazanan uşaqlar bu uğuru real həyatda da davam etdirməyə çalışdıqda sosial münasibətlərdə zəifləmə və üz-üzə ünsiyyət bacarıqlarında çatışmazlıqlar yaranır.

“Rəqəmsal populyarlıq uşaqların öz dəyərlərini xarici göstəricilərlə əlaqələndirməsinə səbəb olur. Bəyənmə və izləyici sayı kimi göstəricilər uşaqları daim müqayisə aparmağa vadar edir və bu, real mənlik qavrayışının zəifləməsinə gətirib çıxarır.”

Büyükçorak rəqəmsal populyarlıqla özünəinam arasındakı əlaqə düzgün idarə olunmadıqda bunun uzunmüddətli perspektivdə psixoloji problemlərə səbəb ola biləcəyini deyir. Bu prosesdə valideynlər uşaqlarının rəqəmsal dünyadakı fəaliyyətlərini diqqətlə izləməli və mümkün mənfi təsirləri erkən mərhələdə müəyyən etməlidirlər.

“Valideynlər uşaqlarına rəqəmsal dünyadakı reaksiyaların müvəqqəti olduğunu və insanın həqiqi dəyərinin yalnız bu platformalarla məhdudlaşmadığını izah etməlidirlər. Eyni zamanda uşaqların virtual dünyada keçirdikləri vaxta nəzarət etməli və onların burada qarşılaşdıqları mənfi təsirləri erkən mərhələdə müəyyənləşdirməyə çalışmalıdırlar.

Uşaqlar rəqəmsal dünyada nə qədər çox vaxt keçirirlərsə, real həyatda sosial ünsiyyətdə bir o qədər çətinlik çəkirlər. Buna görə də valideynlər uşaqlara virtual dünyanın nə dərəcədə real olduğunu sorğulamağı öyrətməli, rəqəmsal dünya ilə real həyat arasında sağlam tarazlıq yaratmalarına kömək etməlidirlər.”

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.