Qaranlıq qorxusu uşaqların zehni inkişafına necə təsir edir?
Uşaqların təxəyyülü qaranlıqla qarşılaşdıqda qorxuya çevrilir. İlk baxışda məsum görünən bu qorxu yuxu rejimindən öyrənməyə, hətta emosional tarazlığa qədər bir çox sahədə ciddi təsirlər yaradır. Problemin həlli isə texnologiyadan daha çox valideynlərin uşağa güvən verən yanaşmasından keçir.
Qaranlıq qorxusu uşaqların ən çox yaşadığı emosional çətinliklərdən biri hesab olunur. Xüsusilə 3-7 yaş arası uşaqlarda müşahidə edilən bu qorxu yalnız gecə yuxu rejimini pozmur, həm də uşaqların ümumi əhvalına və zehni inkişafına mənfi təsir göstərir.
Bəs qaranlıq qorxusunun səbəbləri nələrdir? Bu vəziyyətlə necə mübarizə aparmaq olar? Bu suallara TRT Uşaq kanalının psixoloqu Emine Özenlə birlikdə cavab axtardıq.
Təxəyyül dostdur, yoxsa düşmən?
Qaranlıq qorxusu uşaqların təxəyyülünün ən güclü olduğu 3-7 yaş dövründə ortaya çıxır. Psixoloq Emine Özen də qaranlıq qorxusunun uşaqların zəngin təxəyyülündən qaynaqlandığını vurğulayır. Onun sözlərinə görə, bu qorxu uşaqların müstəqillik qazanma prosesində qarşılaşdıqları çətinliklərdən biridir.
“Bu yaş qrupundakı uşaqlar hələ gerçəklə xəyali tam şəkildə ayırd edə bilmirlər. Qaranlıq onlar üçün naməlum bir mühit yaradır. Görmə ilə bağlı məlumatlar azaldıqda ətrafı qavramaqda çətinlik çəkir və özlərini müdafiəsiz hiss edirlər. Bu zaman təxəyyülləri işə düşür və qaranlıqda canavarlar, xəyallar və digər qorxulu varlıqlar təsəvvür edirlər. Bu xəyallar uşaqlara gerçəyə çox yaxın görünür və nəticədə qorxu yaranır.
Qaranlıq qorxusu çox vaxt valideynlərdən ayrılma narahatlığı ilə də əlaqəli olur. Uşaq qaranlıqda öz təhlükəsizlik hissini itirə və bu da qorxunun daha da güclənməsinə səbəb olur.”
Qaranlıqdan qorxmağın normal inkişaf mərhələsi olduğunu bildirən Özen erkən müdaxilənin də vacibliyini qeyd edir.
“Qaranlıq qorxusu əslində inkişafın müəyyən mərhələsidir. Uşaqlar düzgün dəstək və təhlükəsiz mühit sayəsində zamanla bu qorxunun öhdəsindən gəlirlər. Qaranlıq onların təhlükəsizlik hissini təhdid edə bildiyi üçün uşağın özünü güvəndə hiss etməsinə kömək edən yanaşma tətbiq etmək vacibdir. Bu qorxu adətən müvəqqəti olur və sağlam şəkildə aradan qaldırılır.”
Qorxunun yuxuya təsiri: Araşdırmalar nə deyir?
Son araşdırmalar qaranlıq qorxusunun uşaqların yuxu rejiminə ciddi təsir göstərə bildiyini ortaya qoyur. Böyük Britaniyada aparılan bir araşdırmaya görə, qaranlıqdan qorxan uşaqların təxminən 45 faizi yuxuya getməkdə çətinlik çəkir və gecə ərzində tez-tez oyanır. Bunun isə diqqət dağınıqlığı və məktəb göstəricilərinin aşağı düşməsi kimi mənfi nəticələrə səbəb ola biləcəyi bildirilir.
İstanbul Universitetində aparılan araşdırmada qaranlıq qorxusu yaşayan uşaqların 40 faizində diqqət dağınıqlığı, 25 faizində isə məktəb göstəricilərinin aşağı düşməsi müəyyən edilib. Araşdırmada bu vəziyyətin xüsusilə ibtidai məktəb yaşındakı uşaqlarda daha qabarıq şəkildə müşahidə olunduğu qeyd edilir.
Mərmərə Universitetinin Uşaq Psixologiyası kafedrasında aparılan başqa bir araşdırmada isə qaranlıq qorxusu olan uşaqların böyük bir hissəsinin valideynlərinin də uşaqlıq dövründə oxşar qorxular yaşadığı irəli sürülür. Bu isə qorxunun sosial öyrənmə yolu ilə nəsildən-nəslə ötürülə biləcəyini göstərir.
Psixoloq Emine Özen də bu vəziyyətin uşaqların həm fiziki, həm də zehni inkişafına mənfi təsir göstərə biləcəyini bildirir:
“Qaranlıq qorxusunun öhdəsindən gələ bilməyən uşaqlar gecə ərzində qorxu səbəbindən oyanaraq valideynlərinin otağına gedə bilərlər. Bu, yuxunun tez-tez bölünməsinə və yuxusuzluq kimi problemlərə səbəb olur. Eyni zamanda kabuslar və gecə təşvişləri də yaranır. Uzun müddət davam edən bu qorxular uşağın fiziki və emosional sağlamlığına mənfi təsir göstərərək gün ərzində yorğunluq, diqqət dağınıqlığı və əsəbilik kimi hallara səbəb olur. Yuxu çatışmazlığı uşağın öyrənmə prosesini və sosial münasibətlərini də çətinləşdirir.”
“Uşaqların qorxularını kiçik görməyin”
Qaranlıq qorxusunun öhdəsindən gəlmək üçün texnologiyanın müəyyən üstünlükləri olduğu düşünülür. Özen də bu vasitələrin yalnız köməkçi rol oynaya biləcəyini bildirir. Ağıllı gecə lampaları, yuxuya kömək edən tətbiqlər və sakitləşdirici səs sistemləri uşaqlara qorxularını idarə etməkdə yardımçı ola bilər. Lakin Emine Özenin sözlərinə görə, heç bir texnologiya valideynin uşağa verdiyi güvən hissini əvəz edə bilməz.
“Valideynlər uşaqlarının qorxularını kiçik görmədən, onları ciddi qəbul edərək empatik yanaşma nümayiş etdirməlidirlər. Qaranlıqdan qorxan uşağa ‘Qaranlıqda heç nə yoxdur, qorxmağa ehtiyac yoxdur’ demək əvəzinə, ‘Qaranlıq səni qorxudursa, bunu başa düşürəm və özünü güvəndə hiss etməyin üçün yanındayam’ demək daha təsirli olur. Bu yanaşma uşağın emosional təhlükəsizlik hissini gücləndirərək qorxularının öhdəsindən gəlməsinə kömək edir.”
Valideynlər nələrə diqqət etməlidir?
Qaranlıq qorxusunun öhdəsindən gəlməkdə valideynlərin üzərinə mühüm vəzifələr düşür. Psixoloq Emine Özen valideynlərə bunları tövsiyə edir:
Empati göstərin: Uşağınızın qorxusunu ciddi qəbul edin və onun yanında olduğunuzu hiss etdirin.
Gecə rejimi yaradın: Yatmazdan əvvəl müəyyən və sakitləşdirici fəaliyyətlərdən ibarət rutin formalaşdırın.
Müsbət möhkəmləndirmədən istifadə edin: Uşağınız qorxusunun öhdəsindən gəldikdə onu cəsarətləndirin və dəstəkləyin.
Dəstəkləyici vasitələrdən istifadə edin: Yumşaq işıqlı gecə lampası və ya uşağın sevdiyi oyuncaq onun özünü daha təhlükəsiz hiss etməsinə kömək edəcək.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az