Pentaqon UNO-larla bağlı yeni videoları yayımladı – obyektlərin 20 faizi izah edilə bilmir
ABŞ Müdafiə Nazirliyi naməlum uçan obyektlərlə (UNO) bağlı yeni sənədlər və video görüntülər yayımlayıb.
Gundelik.az xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Nazirliyinin rəsmi saytında məlumat verilib.
Məlumata görə, Pentaqon qeydə alınmış naməlum uçan obyektlərə dair sənəd və video materiallardan ibarət səkkizinci toplusunu ictimaiyyətə təqdim edib.
Yeni açıqlanan materiallara hərbi sensorlar vasitəsilə qeydə alınmış arxiv görüntülərindən ibarət 43 fayl, həmçinin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) 1952-ci ildə hazırladığı “uçan boşqablar” barədə məlumatların qiymətləndirilməsinə dair hesabat daxil edilib.
Bundan başqa, 2020, 2023 və 2026-cı illərdə çəkilmiş üç video da yayımlanıb. Bildirilir ki, görüntülərdən birində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəminin yaxınlığında müşahidə edilən naməlum obyekt əks olunub. Hadisə Yaxın Şərq regionunda qeydə alınıb.
Hesabatda qeyd olunur ki, aşkarlanan obyektlərin təxminən 20 faizi izaholunmaz hesab edilib.
Xatırladaq ki, daha əvvəl ABŞ-də bir qrup dini lider Pentaqon tərəfindən məxfiliyi aradan qaldırılan UNO görüntülərindən birində keruvim (mələk obrazı) aşkar etdiklərini iddia etmişdi.
Nuri
Gundelik.az