Kanada–ABŞ arasında gərginlik artır: ABŞ səfirinin ölkədən çıxarılması tələb olunur

Kanada–ABŞ arasında gərginlik artır: ABŞ səfirinin ölkədən çıxarılması tələb olunur

On minlərlə kanadalı ABŞ-ın Ottavadakı səfiri Pit Hekstranın “persona non qrata” — yəni arzuolunmaz şəxs elan edilərək ölkədən çıxarılması tələbi ilə başladılan petisiyaya dəstək verib.

Kalqari şəhərindən bir vətəndaş tərəfindən başladılan və payızda Kanada İcmalar Palatasına təqdim edilməsi planlaşdırılan petisiyaya imza atanların sayı qısa müddətdə 60 minə yaxınlaşıb.

Petisiyada Hekstra Kanada ilə ABŞ arasındakı diplomatik münasibətlərə zərər vuran açıqlamalar verməkdə və diplomatik protokollara zidd şəkildə Kanadanın daxili siyasətinə müdaxilə etməkdə ittiham olunur.

“51-ci ştat” müzakirəsi etirazlara səbəb olub

Petisiyada səfir Hekstranın ABŞ Prezidenti Donald Tramp administrasiyasının Kanadanı ilhaq etmək barədə təhdidlərini legitimləşdirdiyi iddia edilir.

Hekstra iyun ayında verdiyi açıqlamada Kanadanın ABŞ tərəfindən ilhaq edilməsinin Baş nazir Mark Karni ilə ABŞ Prezidenti Donald Tramp arasında müzakirə oluna biləcək “möhtəşəm mövzu” olduğunu demiş və bununla Kanadada ciddi reaksiyalara səbəb olmuşdu.

Sentyabr ayında Halifax şəhərində keçirilən tədbirdə çıxış edən Hekstra Kanadadakı seçki kampaniyası zamanı səsləndirilən “anti-Amerika” fikirlərdən narahat olduğunu bildirib. O, Tramp administrasiyasının tətbiq etdiyi gömrük tariflərinin “ticarət müharibəsi” adlandırılmasını da tənqid edib.

Səfir həmçinin kanadalı siyasətçilərin ABŞ-a səfərlərdən imtina etməyə çağırışlarını və Amerika istehsalı olan spirtli içkilərin mağazaların rəflərindən çıxarılmasını da tənqid edib.

Ona yönələn tənqidlərə cavab verən Hekstra diplomatik fəaliyyətinin “ABŞ prezidentinin mövqeyini təmsil etməkdən” ibarət olduğunu bildirib.

ABŞ-ın Ottavadakı səfirliyinin sözçüsü isə petisiyadan xəbərdar olduqlarını, lakin məsələ ilə bağlı şərh verməyəcəklərini açıqlayıb.

Yaşıllar Partiyasının lideri petisiyanı parlamentə təqdim edəcək

Yaşıllar Partiyasının lideri Elizabet Mey tərəfindən parlamentə təqdim ediləcək petisiyada Kanada hökumətindən Hekstranın rəsmi şəkildə ölkədən çıxarılması və ABŞ-ın Kanadanın daxili işlərinə diplomatik müdaxiləsi ilə bağlı araşdırma aparacaq parlament komitəsinin yaradılması tələb olunur.

Kanada daha əvvəl də xarici müdaxilə iddiaları ilə əlaqədar diplomatları ölkədən çıxarıb. Kanada hökuməti 2023-cü ildə çinli diplomat Zhao Wei-ni, 2024-cü ildə isə altı hindistanlı diplomatı “persona non qrata” elan edərək ölkədən çıxarıb.

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.