İsti havalarda risk zirvəyə çatır: Hipertoniya xəstələri üçün yayda 9 mühüm tövsiyə
Həddindən artıq isti hava və yüksək rütubət, xüsusilə ürək-damar sağlamlığı üçün ciddi risklər yaradır. Kardiologiya mütəxəssisi, doktor Doğaç Çağlar Gürbüz bildirir ki, güclü istilər orqanizmdə maye və mineral itkisinə səbəb olmaqla yanaşı, damarların genişlənməsinə gətirib çıxarır. Bu isə arterial təzyiqin qəfil aşağı düşməsinə və ya kəskin dəyişməsinə şərait yaradır.
Doktor Gürbüz bildirir ki, ölkəmizdə hər üç yetkin şəxsdən biri hipertoniya xəstəsidir. Onun sözlərinə görə, daha təhlükəli məqam isə hələ diaqnoz qoyulmayan və yüksək təzyiq xəstəsi olduğunun fərqində belə olmayan çox böyük bir qrupun mövcudluğudur.
Hipertoniyanın “səssiz qatil” adlandırılmasının əsas səbəbi də budur. Xüsusilə belə isti havalarda arterial təzyiqə nəzarətin laqeyd yanaşılması huşunu itirmə, ürək ritminin pozulması, böyrək çatışmazlığı, infarkt və hətta insult kimi həyati təhlükəli problemlərə səbəb olur.
Kardiologiya mütəxəssisi doktor Doğaç Çağlar Gürbüz həddindən artıq isti havalarda hipertoniya xəstələri üçün 10 mühüm yay tövsiyəsi verib və vacib mesajlar çatdırıb.
1. Su qəbulunu mütləq artırın
Tərləmə nəticəsində orqanizmdən çox miqdarda su, həmçinin natrium və kalium kimi həyati əhəmiyyətli minerallar xaric olunur. Maye itkisi qanın axıcılığının azalmasına və ürəyin qanı pompalayarkən daha çox işləməsinə səbəb olur.
Hipertoniya xəstələrinin susamağı gözləmədən gün ərzində kifayət qədər, təxminən 2,5–3 litr maye qəbul etməsi böyük əhəmiyyət daşıyır. Lakin ürək çatışmazlığı və ya böyrək xəstəliyi kimi problemləriniz varsa, qəbul etməli olduğunuz maye miqdarını mütləq həkiminizlə məsləhətləşərək müəyyənləşdirin.
2. Saat 11:00–16:00 arasında mümkün qədər çölə çıxmayın
Doktor Gürbüz bildirir ki, günəş şüalarının yer səthinə ən dik bucaq altında düşdüyü 11:00–16:00 arası hipertoniya xəstələri üçün günün ən təhlükəli vaxtıdır.
Bu saatlarda birbaşa günəş şüalarına məruz qalmaq damarların qəfil və həddindən artıq genişlənməsinə səbəb olaraq arterial təzyiqi sürətlə aşağı sala və istivurma riskini artıra bilər.
Çölə çıxmaq məcburiyyətindəsinizsə, mütləq kölgəli yerlərə üstünlük verin, kənarları geniş papaqlardan istifadə edin. Çöldə görəcəyiniz işləri səhərin erkən saatlarına və ya axşamüstü havanın sərinləşdiyi vaxta təxirə salın.
3. Qidalanmanızı yüngülləşdirin, Aralıq dənizi pəhrizinə keçin
İsti havalarda ağır, yağlı, qızardılmış və həddindən artıq duzlu qidalar qəbul etmək həzm sistemini yükləməklə yanaşı, ürəyin işini də ciddi şəkildə artırır.
Duz qəbulunun məhdudlaşdırılması hipertoniya nəzarətinin ən vacib şərtlərindən biridir. Yay aylarında zeytun yağlı yeməklər, liflə zəngin tərəvəzlər, təzə meyvələr və yüngül qril yeməklərindən ibarət Aralıq dənizi tipli qidalanmaya üstünlük verilməlidir.
Mədəni həddindən artıq doldurmadan, az-az və tez-tez qidalanmaq arterial təzyiqdəki dalğalanmaların qarşısını almağa kömək edir.
4. Soyuq duşdan qətiyyən uzaq durun
Doktor Doğaç Çağlar Gürbüz bildirir ki, sərinləmək məqsədilə birbaşa buz kimi soyuq suyun altına girmək damarların qəfil daralmasına (vazokonstriksiya) səbəb olur.
Bu qəfil damar daralması arterial təzyiqin saniyələr ərzində kəskin yüksəlməsinə və ürəyə gedən qan axınının pozulmasına səbəb olaraq infarktı tətikləyir.
Hipertoniya xəstələri sərinləmək üçün mütləq ılıq su ilə duş qəbul etməli, bədəni suya tədricən alışdırmalı və qəfil temperatur dəyişikliklərindən uzaq durmalıdırlar.
5. Kondisionerli mühitə keçərkən bədəninizi qoruyun
Çöldəki yandırıcı istidən qəfildən çox aşağı temperatura qoyulmuş, buz kimi soyuq kondisionerli məkana daxil olmaq da soyuq duş kimi damar sistemində qəfil daralmaya səbəb olur.
Bu kəskin temperatur fərqləri arterial təzyiq tutmalarına zəmin yaradır.
Qapalı məkanlarda kondisionerin temperaturunun təxminən 22–24 dərəcə səviyyəsində, yəni ideal otaq temperaturunda saxlanılması və kondisionerin havasının birbaşa bədənə vurmasının qarşısının alınması arterial təzyiqin sabit qalması baxımından böyük əhəmiyyət daşıyır.
6. İdman rejiminizi sərin saatlara keçirin
Müntəzəm fiziki fəaliyyət arterial təzyiqə nəzarət üçün olduqca faydalıdır. Lakin yay aylarında idmanın hansı saatda edilməsi çox vacibdir.
İsti havada idman etmək maye itkisini maksimuma çatdırır və ürəyə həddindən artıq yük düşür. Buna görə də sürətli yeriş, üzgüçülük və velosiped kimi məşqlər üçün günəşin təsirinin azaldığı axşam saatlarına və ya səhərin erkən, sərin vaxtlarına üstünlük verilməlidir.
İdmandan əvvəl, idman zamanı və sonra su içməyi mütləq unutmayın.
7. Çay və qəhvə qəbulunu məhdudlaşdırın, alkoqoldan uzaq durun
Yay aylarında sərinləmək və ya zövq almaq üçün içilən soyuq qəhvələr, tünd çaylar və spirtli içkilər, düşünülənin əksinə, susuzluğu aradan qaldırmır. Əksinə, onların təsiri orqanizmdən maye itkisini sürətləndirir.
Eyni zamanda yüksək miqdarda kofein və alkoqol ürək döyüntülərini sürətləndirərək ürək ritminin pozulmasına və arterial təzyiq tutmalarına səbəb olur.
Bunun əvəzinə şəkərsiz, evdə hazırlanmış limonad, mineral su, ayran və ya təzə sıxılmış meyvə şirələri kimi daha sağlam alternativlərə üstünlük verilməlidir.
8. Geyim seçiminə diqqət edin!
İsti havalarda bədənin öz temperaturunu tənzimləməsinin ən mühüm yollarından biri tərin dəridən buxarlanmasıdır.
Dar, sintetik və ya tünd rəngli geyimlər bu təbii soyuma mexanizminə mane olaraq bədən temperaturunun yüksəlməsinə səbəb olur.
Bədəni sıxmayan, hava keçiriciliyi yüksək, tərlətməyən pambıq və ya kətan parçalardan hazırlanmış, açıq rəngli və bol geyimlərə üstünlük vermək lazımdır. Bu, yay istisində bədənin temperatur tənzimlənməsinə kömək edərək dolayı yolla arterial təzyiqin də sabit qalmasına şərait yaradır.
9. Təzyiq ölçmələrinə və həkim müayinələrinə laqeyd yanaşmayın
Doktor Doğaç Çağlar Gürbüz bildirir ki, yayın rahatlığına qapılıb “özümü yaxşı hiss edirəm” deyərək arterial təzyiqi ölçməyi dayandırmaq və ya məzuniyyət səbəbindən həkim müayinələrini təxirə salmaq böyük səhvdir.
Arterial təzyiqi müntəzəm şəkildə ölçmək, göstəriciləri qeyd etmək və təzyiqin davamlı olaraq aşağı və ya yüksək olması halında gözləmədən kardioloqla əlaqə saxlamaq lazımdır.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az