ILO: Qlobal gənclər arasında işsizlik son bir ildə artıb, səbəb süni intellektdir

ILO: Qlobal gənclər arasında işsizlik son bir ildə artıb, səbəb süni intellektdir

Beynəlxalq Əmək Təşkilatı (ILO) qlobal gənclər arasında işsizliyin ötən il artdığını açıqlayıb. Ən böyük artım yüksək gəlirli ölkələrin iqtisadiyyatlarında qeydə alınıb. BMT-nin nəzdində fəaliyyət göstərən təşkilat bu artımda süni intellektin (Sİ) yayılmasının da mühüm rol oynadığını bildirib.

ILO-nun illik gənclərin məşğulluğu ilə bağlı hesabatına görə, 15-24 yaş arası gənclər arasında qlobal işsizlik səviyyəsi 2024-cü ildəki 12,3 faizdən 2025-ci ildə 12,4 faizə yüksəlib.

Ümumilikdə, 67 milyon gənc işsiz qalıb.

Eyni dövrdə nə təhsil alan, nə işləyən, nə də peşə hazırlığında iştirak edən (NEET) gənclərin nisbəti də cüzi artaraq 20 faizə, onların sayı isə 257 milyondan çoxa çatıb.

ILO gənclər arasında işsizlik səviyyəsinin 2026 və 2027-ci illərdə 12,3 faiz ətrafında qalacağını proqnozlaşdırıb.

Lakin təşkilat bu göstəricinin sabit qalmasına baxmayaraq narahatlığını ifadə edib. ILO-nun Məşğulluq Siyasəti Şöbəsinin rəsmisi Sara Elder işsizlik və NEET göstəricilərinin eyni vaxtda artmasının “təhlükə siqnalı” olduğunu vurğulayıb.

2023-2025-ci illər ərzində dünyanın 11 regionundan 8-də gənclər arasında işsizlik artıb. Ən yüksək artımlar Şimali Amerika, Şimali Afrika, Şimali, Cənubi və Qərbi Avropada qeydə alınıb.

Süni intellekt məşğulluq imkanlarını dəyişir

Hesabatda iqtisadi artımın yavaşlaması, kifayət qədər iş imkanlarının olmaması, geosiyasi gərginliklər və texnoloji dəyişikliklərin sürətlənməsi səbəbindən yeni gənclər məşğulluğu böhranının yaranma riski barədə xəbərdarlıq edilib.

Texnoloji inkişafların, xüsusilə də süni intellektin gənclərin iş tapmaq imkanlarını birbaşa dəyişdirdiyi bildirilib.

Orta səviyyəli bacarıq tələb edən işlərin azalması gənclərin əmək bazarında karyeraya başlamasını çətinləşdirib. Ofis işləri, inzibati xidmətlər, satış, sənaye və texniki peşələr kimi əmək bazarına giriş xarakterli ənənəvi iş sahələrində geriləmə müşahidə olunub.

ILO-nun Məşğulluq, Bacarıqlar və Davamlı Müəssisələr Departamentinin direktoru Sukti Dasgupta bildirib ki, 15-29 yaşlı gənclərin hazırda gördüyü işlərin 6,1 faizi süni intellektin yüksək təsir göstərə biləcəyi peşələrə daxildir.

Dasgupta qeyd edib ki, bu vəzifələrin 10 faizinin yox olması halında, əsasən yüksək gəlirli ölkələrdə olmaqla, 5,6 milyon gənc işsizlik, peşəsini dəyişmək və ya əmək bazarından tamamilə çəkilmək riski ilə üzləşə bilər.

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.