Gündə 5-6 mərtəbə qalxmaq ürəyinizi belə qoruyur
Gündəlik həyatımızın adi bir hissəsi olan pilləkənlə qalxmaq ürək sağlamlığı baxımından düşündüyümüzdən də daha faydalıdır. Təxminən 480 min insanı əhatə edən genişmiqyaslı təhlildə müntəzəm olaraq pilləkənlə qalxmağın ürək-damar xəstəliklərindən ölüm riskinin daha aşağı olması ilə əlaqəli olduğu müəyyən edilib. Üstəlik, bəzi məlumatlar göstərir ki, fayda gündə cəmi 5-6 mərtəbə qalxmaqla belə nəzərəçarpacaq dərəcədə ortaya çıxır.
İdman zalına getmədən, xüsusi avadanlıq almadan və gündəlik rejiminizi dəyişmədən sağlamlığınıza yatırım etməyin yolu elə liftin yanında olur.
Elmi araşdırmalar müntəzəm olaraq pilləkənlə qalxmağın ürək-damar sağlamlığından əzələ gücünə qədər bir çox sahədə əhəmiyyətli faydalarla əlaqəli olduğunu göstərir.
Xüsusilə gündə bir neçə mərtəbə pilləkən qalxmaq hərəkətsiz həyat tərzinin mənfi təsirlərinə qarşı atıla biləcək ən sadə gündəlik addımlardan biri kimi önə çıxır.
Prof. Dr. Osman Müftüoğlu “Sabah” qəzetindəki köşə yazısında pilləkənlə qalxmağın sağlamlığa faydalarını sıralayıb.
Gündə cəmi 5-6 mərtəbə pilləkən qalxmaq ürək tutması və damar xəstəliklərindən ölüm riskini 39 faizə qədər azaldır.
İdman zalına getmədən ömrü uzatmağa, əzələ itkisi və ürək-damar xəstəliklərinin qarşısını almağa kömək edən bu sadə hərəkəti gündəlik həyatınıza daxil edin. Bizim klinikamız Nişantaşındakı tarixi binanın 5-ci mərtəbəsində yerləşir.
Osman həkim də hər səhər həmin beş mərtəbəni qalxarkən və düşərkən israrla liftdən deyil, pilləkəndən istifadə edir. Bəzən soruşurlar:
“Həkim, lift var, niyə özünüzə əziyyət verirsiniz?”
Bu yazını oxuduqdan sonra illərdir israrla davam etdirdiyim bu vərdişin dəyərini və səbəbini siz də anlayacaqsınız.
Çünki araşdırma çox yeni, genişmiqyaslı və kifayət qədər güclüdür. Bəs görəsən, bizə nə deyir?
PİLLƏKƏN ÜRƏYİN DOSTU ÇIXDI
Təxminən 480 min insanı əhatə edən geniş sistematik icmal və meta-analizdə pilləkənlə qalxmaq vərdişi ilə sağlamlıq göstəriciləri arasındakı əlaqə araşdırılıb.
İştirakçıların yaşı 35-84 arasında olub. Onların təxminən 53 faizini qadınlar təşkil edib. Tədqiqatlarda iştirakçıların izlənmə müddəti isə bir neçə il davam edib.
Nəticə necə olub?
Müntəzəm olaraq pilləkən qalxan insanlarda:
ürək-damar xəstəliklərindən ölüm riski 39 faiz daha aşağı olub;
bütün səbəblərdən ölüm riski 24 faiz daha aşağı olub;
ürək tutması, ürək çatışmazlığı və insult kimi mühüm ürək-damar hadisələrinin riski də daha aşağı olub.
Qısacası, lift sizi 5-ci mərtəbəyə çıxarır. Pilləkən isə sizi 5-ci mərtəbəyə qaldırmaqla yanaşı, ürəyinizə də yatırım edir.
NEÇƏ MƏRTƏBƏ QALXMAQ LAZIMDIR?
İşin ən gözəl tərəfi də budur. Araşdırmalar saatlarla davam edən ağır məşqlərdən deyil, gündəlik həyatın içərisinə daxil edilən hərəkətlərdən danışır.
Bəzi məlumatlar faydanın gündə təxminən 5-6 mərtəbə pilləkən qalxmaqla nəzərəçarpacaq səviyyəyə çata biləcəyini göstərir.
Altı mərtəbə nədir ki?
Təxminən 50-60 pillə.
Səhər iki mərtəbə. Günorta iki mərtəbə. Axşam iki mərtəbə.
Nə idman zalına üzvlük haqqı var, nə rezervasiya etmək lazımdır, nə də xüsusi geyimə ehtiyac var. Üstəlik, pilləkən heç vaxt sizə: “Müəllim, üzvlüyünüz keçən ay bitib” demir.
PİLLƏKƏN ƏSLİNDƏ MİNİ HIIT MƏŞQİDİR
Pilləkənlə qalxarkən bədən ciddi şəkildə işləyir. Ürək döyüntüləri sürətlənir, tənəffüs artır, ayaq və omba əzələləri işə düşür, enerji sərfiyyatı yüksəlir.
Xüsusilə bir qədər sürətli qalxdıqda, cəmi bir neçə dəqiqəlik bu hərəkət elm dünyasında getdikcə daha çox diqqət çəkən VILPA fəaliyyətinə yaxınlaşa bilər.
VILPA — Vigorous Intermittent Lifestyle Physical Activity, yəni gündəlik həyatın içərisinə daxil olan qısa müddətli və yüksək intensivlikli fiziki fəaliyyət deməkdir.
Avtobusa çatmaq üçün sürətli yerimək, yoxuşa qalxmaq, ağır torbaları daşımaq…
Və əlbəttə ki:
Liftə baxıb “Sən get, mən gəlirəm” demək.
50 YAŞDAN SONRA PİLLƏKƏN DAHA DA DƏYƏRLİDİR
Çünki 50 yaşdan sonra məsələ yalnız ürək sağlamlığı ilə bağlı deyil.
Əzələ itiririk. Gücümüz azalır. Tarazlığımız zəifləyir. Ürək-tənəffüs sisteminin fiziki yükə davamlılığı aşağı düşür.
Pilləkən isə bütün bunlara eyni anda kiçik bir sınaq yaradır.
Xüsusilə omba, bud və baldır əzələləri işləyir. Buna görə də mənim üçün pilləkən yalnız kardio məşqi deyil. O, bir növ gündəlik uzunömürlülük məşqidir.
AMMA 39 FAİZİ HƏKİM RESEPTİ KİMİ QƏBUL ETMƏYİN
Burada elmi baxımdan bir məqama diqqət yetirək.
Bu məlumatların mühüm hissəsi müşahidə xarakterli tədqiqatlardan əldə edilib. Buna görə də:
“Hər gün pilləkənlə qalxsanız, ürək-damar xəstəliklərindən ölüm riskiniz mütləq 39 faiz azalacaq” demək olmaz.
Çünki daha sağlam insanların onsuz da daha çox pilləkən istifadə etməsi nəticələrin müəyyən hissəsini izah edə bilər.
Bununla belə, əldə olunan əsas mesaj kifayət qədər güclüdür:
Hərəkətsiz qalmayın. Fiziki aktivliyi gündəlik həyatınıza qaytarın. Və imkan olduqda pilləkənə üstünlük verin.
MƏNİM DEDİYİM 5 MƏRTƏBƏNİN SİRRİ BUDUR
İndi isə Nişantaşındakı həmin tarixi binaya qayıdaq…
Hər səhər klinikaya gələndə qarşımdakı iki seçimdən birini etməli oluram:
Düyməni basıb lifti gözləmək.
Ya da ayaqlarıma:
“Haydı uşaqlar, iş başladı!” demək.
Mən ikincisini seçirəm.
Beş mərtəbə qalxıram. Gün ərzində aşağı düşürəm, sonra yenidən qalxıram.
Beləliklə, məşqi həyatımın ayrıca bir hissəsinə çevirmək əvəzinə onu gündəlik həyatın içərisinə yerləşdirirəm.
Məncə, müasir insanın etməli olduğu da bir qədər budur.
Hər fiziki fəaliyyət üçün idman zalına ehtiyacımız yoxdur. Bəzən sağlamlıq üçün imkan elə gözümüzün qarşısında olur. Hətta bəzən… liftin düz yanında.
Uzun və sağlam ömür üçün hər həll bahalı, texnoloji və ya mürəkkəb olmaq məcburiyyətində deyil.
Bəzən tövsiyə olduqca sadədir:
Bir az az oturun. Bir az çox gəzin.
Liftdən bir qədər az istifadə edin. Pilləkəndən isə bir qədər çox yararlanın.
Çünki lift sizi yalnız yuxarı qaldırır. Pilləkən isə sizi yuxarı qaldırmaqla yanaşı, gücləndirir.
Mənim beş mərtəbəlik israrımın səbəbi də məhz budur.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az