Fransada meşə yanğınları riski: 50 departamentdə narıncı xəbərdarlıq
Fransada rekord həddə çatan isti hava davam edərkən, yüksək meşə yanğını riski ilə əlaqədar ölkənin 50 departamentində narıncı səviyyəli xəbərdarlıq elan edilib.
Fransanın meteorologiya xidməti Meteo-France-ın məlumatına görə, ölkədə hökm sürən quraqlıq və yüksək temperatur yanğın riskini artırır. Riskin yüksək olması səbəbindən əsasən ölkənin şimal-qərbində yerləşən 50 departamentdə narıncı xəbərdarlıq qüvvəyə minib.
Ölkənin bəzi bölgələrində temperaturun gün ərzində 40 dərəcəyədək yüksələcəyi gözlənilir.
Fransada bu yay artıq 5-ci isti hava dalğası yaşanır. Ölkənin şimalındakı Pas-de-Kale departamentində dünən başlayan meşə yanğını hələ də nəzarət altına alınmayıb.
Pas-de-Kale prefekturasının məlumatına görə, yanğın nəticəsində 180 hektar ərazi zərər görüb, bir ev isə yaşayış üçün yararsız vəziyyətə düşüb.
İl-et-Vilen departamentinin prefekturası isə Sen-Jüst kəndində dünən başlayan meşə yanğınında indiyədək 200 hektar ərazinin yandığını açıqlayıb. Bölgədən 96 nəfər təxliyə edilib, 208 yanğınsöndürən alovun qarşısının alınması üçün işlərini davam etdirir.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az