Fərqli dillərin qapısını açmaq: Bir neçə dil bilmək niyə üstünlükdür?

Fərqli dillərin qapısını açmaq: Bir neçə dil bilmək niyə üstünlükdür?

Erkən yaşda dil öyrənmək fürsəti qazanan insanlar gələcəkdə yeni dilləri daha sürətlə mənimsəyirlər. Yetkinlik dövründə dil öyrənməyə başlayanlar isə beynini aktiv saxlayaraq həm iş, həm də sosial həyatda qarşılarına yeni imkanlar açırlar. Yaşlılıq dövründə isə bu bacarıq koqnitiv geriləmə ilə mübarizədə bir növ “qoruyucu qalxan” rolunu oynayır.

Son illərdə neyropsixologiya və inkişaf psixologiyası sahəsində aparılan araşdırmalar göstərir ki, çoxdillilik beynin quruluşunu və fəaliyyətini dəyişir. 2023-cü ildə yayımlanan neyropsixoloji araşdırmalar iki dilli uşaqların mürəkkəb diqqət testlərində yalnız bir dil bilən yaşıdlarından daha yüksək nəticələr göstərdiyini ortaya qoyub. Yetkinlik və yaşlılıq dövründə də bir neçə dil danışmağın Alzheimer və demensiya əlamətlərinin gecikməsinə səbəb ola biləcəyinə dair müəyyən elmi sübutlar mövcuddur.

Bəs dil öyrənməyə hansı yaşda başlamaq daha sərfəlidir? Bu, yalnız uşaqlıq dövrü ilə məhdudlaşırmı? Çoxdilli olmağın hər hansı mənfi tərəfləri və diqqət edilməli məqamları varmı?

Bu sualları neyropsixoloq Merve Tuğçe Doğru cavablandırıb.

Erkən yaşda bir neçə dil öyrənmək: Niyə daha asandır?

Erkən uşaqlıq dövründə beynin dəyişmə və uyğunlaşma qabiliyyəti, yəni neyroplastiklik, xüsusilə 0–6 yaş arasında yüksək səviyyədə olur. Bu yaşlarda sinir hüceyrələri arasındakı əlaqələr çox sürətlə yaranır və möhkəmlənir. Buna görə də uşaqların erkən yaşdan müxtəlif dillərlə tanış olması onların dil mərkəzlərinin daha geniş və çevik şəkildə inkişaf etməsinə şərait yaradır.

Neyropsixoloq Merve Tuğçe Doğru bu məsələnin kritik dövrünü belə izah edir:

“2–11 yaş arasında öyrənilən dillərin koqnitiv inkişafı dəstəklədiyi, ikinci dili öyrənən uşaqların üçüncü və dördüncü dilləri daha qısa müddətdə mənimsədiyi müşahidə olunur. Bu proses zamanı beynin quruluşunu araşdırdıqda görürük ki, həmin dövrdə yaranan neyron əlaqələri və beynin plastiklik qabiliyyəti öyrənilən hər yeni məlumat və dillə birlikdə daha güclü çeviklik və inkişaf nümayiş etdirir.

Təhsilə ən gec 10 yaşa qədər başlanmasını tövsiyə edə bilərik. Çünki daha sonrakı yaşlarda beynin sinaptik imkanları və məlumatı mənimsəmə qabiliyyəti fərqlənir.”

Araşdırmalar uşaqlıq dövrünün dil öyrənmək üçün ideal olduğunu göstərsə də, yeniyetməlik və yetkinlik dövründə də yeni dil öyrənmək mümkündür. Sadəcə, beynin plastiklik qabiliyyətinin azalması səbəbindən ana dili səviyyəsində tələffüzə və tam səlisliyə nail olmaq bir qədər daha çox səy tələb edir.

Koqnitiv üstünlüklər: Diqqət, yaddaş və problem həlli

İki və ya daha çox dili idarə etmək beynin diqqəti cəmləmək və lazımsız məlumatları süzmək qabiliyyətini gücləndirir. Bu, yaddaşın inkişafına kömək edir və insanın müxtəlif söz ehtiyatları arasında daha sürətli keçid etməsinə imkan yaradır.

Kanadanın York Universitetində aparılan bir araşdırma 4–6 yaş arasındakı iki dilli uşaqların mürəkkəb diqqət tələb edən tapşırıqlarda yalnız bir dil bilən yaşıdlarından daha uğurlu olduğunu göstərib. Avropada bir neçə rəsmi dilin istifadə edildiyi ölkələrdə də oxşar nəticələr əldə olunub.

Merve Tuğçe Doğru çoxdilli olmağın koqnitiv tərəfini belə izah edir:

“Koqnitiv qabiliyyətlər inkişaf edir, insanda diqqət və konsentrasiya gücü artır, beynin plastiklik qabiliyyəti güclənir, eşitmə qabiliyyətləri inkişaf edir. Bir neçə dil danışmaq beyində koqnitiv çevikliyi artırır. Dillər arasında keçid etmək zehni çevikliyi, problem həll etmə və yaradıcı düşünmə bacarıqlarını inkişaf etdirir. Çünki müxtəlif dil strukturları və söz istifadəsi beynin düşüncə yollarına təsir göstərir.”

Bir sözlə, bir neçə dil bilmək yaddaşı zənginləşdirə, problem həll etmə və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirir. İki dilli olmaq zamanı insan bir dili “söndürüb” digərinə keçərkən beynin icraedici funksiyaları daim aktiv vəziyyətdə olur.

Mümkün çətinliklər: Kod dəyişdirmə və dil qarışıqlığı

Çoxdilli böyüməyin üstünlükləri ilə yanaşı, diqqət edilməli bəzi məqamlar da var. Müxtəlif dillər arasında davamlı keçid bəzən kod dəyişdirməyə, yəni eyni cümlə daxilində fərqli dillərin qarışdırılmasına, yaxud müəyyən sözü xatırlamaqda çətinlik yaranmasına səbəb olur.

Bu, ümumiyyətlə, təbii proses olsa da, ailələrdə “görəsən, dillər bir-birinə qarışır?” kimi narahatlıq yaradır.

Neyropsixoloq Merve Tuğçe Doğru bu barədə deyir:

“Burada ən həssas məqam koqnitiv proseslərin yavaşlaya bilməsidir. Məsələn, müxtəlif dillər arasında keçid edərkən dil qarışıqlığı, yəni sözü tapmaq və fikri ifadə etmək prosesinin daha uzun çəkməsi mümkündür. Yanlış dildə söz və ya ifadədən istifadə halları ortaya çıxır. Dilin yaradılması və emal sürətinə baxdıqda müəyyən qədər zəifləmə müşahidə edilir. Çünki beyin hansı məlumatın hansı dildə olduğunu ayırd etməkdə və lazım gəldikdə həmin məlumatı xatırlamaqda çətinlik çəkir.”

Ailələrin evdə “bir valideyn – bir dil” kimi ardıcıl strategiyalardan istifadə etməsi və ya hər bir dildə mütəmadi olaraq məşq aparılması bu cür qarışıqlıqların azalmasına kömək edir.

Yetkinlik və yaşlılıq dövründə faydaları

Bir neçə dil bilmək yaş artdıqca da üstünlüklər verir. Dildən aktiv şəkildə istifadə etmək beynin daim yeni əlaqələr yaratmasına stimul verdiyi üçün Alzheimer və demensiya əlamətlərinin gecikməsinə töhfə verir.

Merve Tuğçe Doğru yaşlılıq dövründə də neyroplastikliyin davam etdiyini belə izah edir:

“Beyin doğulduğumuz andan etibarən daim dəyişir və inkişaf edir. Uşaqlıq və yeniyetməlik dövründə beyin yeni məlumatları öyrənməyə və sinaptik əlaqələr yaratmağa ən çox meyilli olur. Lakin neyroplastiklik kimi tanınan bu qabiliyyət yetkinlik və yaşlılıq dövründə də davam edir.

Yetkin insanlarda beyin hüceyrələri arasındakı əlaqələr daim yenidən qurulur və yeni məlumatları öyrənmək mümkün olur. Yaşlılıq dövründə də beyin yeni əlaqələr yarada və mövcud əlaqələri gücləndirir. Burada dil öyrənmənin və onun qoruyucu təsirinin səviyyəsi insanın motivasiyası, fəaliyyəti və digər fərdi xüsusiyyətlərindən asılı olaraq dəyişir.

Dil inkişafı və bir neçə dilə hakim olmaq yaşlılıq dövründə sosial-mədəni münasibətlər, yeni kəşflər və fərqli təcrübələr baxımından da böyük əhəmiyyət daşıyır.”

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.