Əks mentorluq: Uşaqlardan valideynlərə bilik körpüsü
Əks mentorluq uşaqların texnologiya, ekoloji şüur və digər sahələrdəki təcrübələrini ailələri ilə bölüşməsinə imkan verir. Eyni zamanda valideynlərin rəhbərliyi uşaqları texnologiya asılılığı və digər rəqəmsal təhlükələrdən qoruyan mühüm sipər rolunu oynayır.
Yeni nəsillər rəqəmsal dünyanın içində böyüyür. İş dünyasından təhsil sahəsinə qədər bir çox sektorda gündəmə gələn “əks mentorluq” modeli artıq ailələrdə də özünü göstərməyə başlayıb.
Uşaqlar onlayn platformaları sürətlə mənimsəyir, yeni tətbiqləri kəşf edir və əldə etdikləri təcrübəni ailələri ilə bölüşürlər. Bir çox araşdırma göstərir ki, xüsusilə 13-17 yaş arasında olan gənclərin demək olar ki, hamısının smartfonu var və onlar sosial media, onlayn oyunlar kimi platformalardan aktiv istifadə edirlər.
Lakin bu vəziyyət uşaqların, yəni “rəqəmsal dünyanın sakinlərinin” hər sahədə tam səriştəli olduğu anlamına gəlmir. İnternet şüursuz istifadənin yaratdığı texnologiya asılılığı, kiberzorakılıq və “dark web” (qaranlıq şəbəkə) üzərindən yarana biləcək təhlükələr kimi müxtəlif riskləri də özü ilə gətirir. Məhz bu məqamda valideynlərin rəhbərliyi ön plana çıxır və ailənin ən güclü müdafiə vasitələrindən birinə çevrilir.
Əks mentorluq ailə daxilində yeni bir tarazlıq yaratmaq imkanı verir. Uşaqlar ekoloji şüur, texnoloji yeniliklər və sosial məsuliyyət sahəsində öz biliklərini bölüşür, böyüklər isə mümkün təhlükələrin qarşısını almaq üçün sərhədlər müəyyənləşdirməyə davam edirlər.
Ailə daxilindəki bu qarşılıqlı öyrənmə prosesi həm uşaqların özünəinam qazanmasına, həm də valideynlərin dəyişən dünyaya uyğunlaşmasına kömək edir. Bəs əks mentorluğun yaratdığı imkanlar və diqqət edilməli məqamlar hansılardır?
Bu yeni modeli və onun ailə münasibətlərinə təsirini anlamaq üçün psixoloq Seda Akçakaya ilə söhbət etdik.
Əks mentorluq nədir?
İş dünyasındakı nümunələrdə gənc əməkdaşların rəhbər şəxslərə rəqəmsal trendlər və yeni texnologiyalar barədə məlumat verməsi formasında tətbiq olunan bu model ailə daxilində daha fərqli məna qazanır. Uşaqların sosial mediadan istifadəsi, ekoloji şüuru və sürətlə inkişaf edən texnoloji vasitələrə bələdliyi valideynlərə yeni baxış bucağı qazandırır.
Psixoloq Seda Akçakaya əks mentorluğu belə izah edir:
“Əks mentorluq insanların bir-birindən öyrənməsinə imkan verən ikitərəfli prosesdir. Ailədə uşaqların, xüsusilə texnologiyanın içində böyümələri səbəbindən valideynlərinə bir çox şeyi öyrətdiyi müşahidə olunur. Uşaqların yeni dövrün xüsusiyyətləri və tələbləri ilə bağlı bilik və təcrübələrini valideynlərinə ötürməsi ailə bağlarını gücləndirə və hər iki tərəfə yeni baxışlar qazandırırr.”
Ailə daxilində əks mentorluq yalnız yeni texnologiyaların öyrədilməsi ilə məhdudlaşmır. Bu proses dəyərlərin, həssaslığın və dünyagörüşünün qarşılıqlı paylaşılmasını da əhatə edir. Beləliklə, gənclər valideynlərə müasir biliklərə açılan qapını göstərir, böyüklər isə ailə həyatında qazandıqları təcrübəni uşaqları ilə bölüşməyə davam edirlər.
Ailə daxilindəki tarazlığa necə təsir edir?
Uşaqların ailə daxilində “öyrədən” rolunu üzərinə götürməsi ənənəvi valideyn-uşaq münasibətlərinə yeni nəfəs gətirir. Lakin bu dəyişiklik hər iki tərəf üçün diqqətli tarazlığın qorunmasını tələb edir.
Psixoloq Seda Akçakaya bu cür münasibətlərin ailə üzvləri arasındakı ünsiyyəti dəyişdirə biləcəyini bildirir:
“Bu cür paylaşımlar uşaqların valideynləri ilə daha güclü və səmimi ünsiyyət qurmasına imkan verir. Uşaqlar rəhbərlik etdikləri mövzularda təqdir olunduqda ailə daxilində özlərini daha dəyərli hiss edirlər. Eyni zamanda valideynlər uşaqlarından yeni məlumatlar öyrəndikcə onlara olan hörmətləri artır. Bu da ailə bağlarına müsbət təsir göstərir.”
Digər tərəfdən, Akçakaya sağlam sərhədlərin qorunmasının vacibliyini də vurğulayır:
“Burada diqqət edilməli məqam rolların bir-biri ilə qarışdırılmamasıdır. Valideyn və uşaq rolları, sərhədlər və nəsillər arasındakı fərq hər zaman qorunmalı olan mühüm məqamlardır.”
Bu sərhədlərin qorunması valideynlərin öz rəhbərlik rolunu itirmədən uşaqlardan öyrənməsinə imkan verir. Əks mentorluq ailə üzvlərinin öz bilik və təcrübələrini bir-biri ilə bölüşdüyü, rolları və sərhədləri qoruyaraq ortaq dəyərlər ətrafında birləşdiyi öyrənmə mühiti yaradır.
Düzgün tətbiq edildikdə bu yanaşma ailə daxilində həmrəylik və qarşılıqlı dəstək hissini gücləndirərək gələcəyin ailə modelinə nümunə olur.
Ailələr əks mentorluq prosesində necə hərəkət etməlidir?
Açıq ünsiyyət qurun: Uşaqların fikirlərini sərbəst ifadə etməsinə imkan verin. Yeni texnologiyalar barədə suallar verin və onların biliklərindən siz də faydalanın.
Sərhədləri dəqiq müəyyənləşdirin: Valideyn və uşaq rolları tamamilə dəyişməməlidir. Uşağınızın sizə rəqəmsal sahədə yol göstərməsinə imkan verərkən valideyn kimi rəhbərlik məsuliyyətinizi qorumağınız vacibdir.
Rəqəmsal savadlılığı təşviq edin: Həm özünüz, həm də uşağınız üçün müasir texnologiyalar, tətbiqlər və onların yaratdığı risklər barədə məlumatlı olun. Bu, ailə daxilində ortaq müzakirə və öyrənmə mühiti yaradır.
Ortaq məsuliyyətləri bölüşün: İnternetdən istifadə, ekoloji şüur və ya sosial media idarəçiliyi kimi məsələlərdə uşağınızla birlikdə qərarlar qəbul edin və onları birlikdə həyata keçirin. Bu, uşağın özünəinamını artırmaqla yanaşı, valideynin nəzarət və rəhbərlik imkanlarını da gücləndirir.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az