Diqqət və yaddaşı dəstəkləyən qidalar: İmtahandan əvvəl nə yeməli?

Diqqət və yaddaşı dəstəkləyən qidalar: İmtahandan əvvəl nə yeməli?

İmtahandan əvvəl nə yeyib-içdiyiniz diqqət, yaddaş və enerji səviyyəsinə təsir göstərir. Bunun üçün bahalı və xüsusi “super qidalara” ehtiyac yoxdur. Əsas məsələ gündəlik qidalanmanı düzgün qurmaqdır.

İmtahandan əvvəl nələrə üstünlük verməli?

Yavaş həzm olunan karbohidratlar – uzunmüddətli və sabit enerji verir.

Zülal – daha uzun müddət tox qalmağa kömək edir.

Omega-3 yağ turşuları – beyin sağlamlığı və diqqətlə əlaqələndirilir.

Su – susuzlaşmanın qarşısını alır.

Şəkər və kofeini məhdudlaşdırmaq – enerji səviyyəsində kəskin enib-qalxmaların qarşısını almağa kömək edir.

İmtahandan əvvəl ən yaxşı səhər yeməyi hansıdır?

Səhər yeməyini keçməmək imtahan zamanı diqqət və enerji baxımından faydalı olur. Səhər yeməyində yulaf sıyığı və ya tam taxıllı çörək kimi yavaş həzm olunan karbohidratlara üstünlük vermək olar.

Bunlara qatıq və ya yumurta kimi zülal mənbəyi əlavə edildikdə daha uzun müddət tox qalmaq mümkündür.

Su içmək imtahan nəticəsinə təsir edirmi?

Susuz qalmaq yorğunluq və baş ağrısına səbəb olaraq diqqətin yayınmasına gətirib çıxarır. Buna görə gün ərzində kifayət qədər maye qəbul etmək vacibdir.

İcazə verilirsə, imtahana bir şüşə su götürmək də faydalı olur. Böyük Britaniyanın Milli Səhiyyə Xidməti (NHS) böyüklər üçün gündə təxminən 6-8 stəkan maye qəbulunu tövsiyə edir.

Diqqəti dəstəkləyən qidalar

İmtahana hazırlaşarkən balanslı və müxtəlif qidalanmaq vacibdir. Diqqəti möcüzəvi şəkildə artıran tək bir qida yoxdur.

Omega-3 yağ turşuları somon, sardina, ton balığı, alabalıq və skumbriya kimi yağlı balıqlarda olur. Balıq həmçinin yaxşı zülal mənbəyidir.

Zülal mənbələri arasında toyuq əti, yumurta və tofu da var. Zülal uzun müddət tox qalmağa kömək etdiyi üçün aclıq hissinin diqqəti yayındırmasının qarşısını alır.

Lif də enerji səviyyəsinin daha sabit qalmasına və aclığın idarə olunmasına kömək edir. Tam taxıllı çörək, qəhvəyi düyü, makaron, meyvə və tərəvəzlər liflə zəngindir.

Dəmirlə zəngin qidalar – qırmızı ət, lobya, mərcimək və tünd yaşıl yarpaqlı tərəvəzlər – də qidalanmada mühüm yer tutur. Dəmir çatışmazlığı yorğunluq və diqqət problemləri ilə əlaqələndirilir.

C vitamini isə immun sistemini dəstəkləyir. Portağal və kivi bu vitaminlə zəngin meyvələrdəndir.

İmtahandan əvvəl nələrdən uzaq durmalı?

Gecə saatlarına qədər dərs oxuyarkən oyaq qalmaq üçün çay və ya qəhvə içmək cazibədar görünür. Lakin kofein yuxuya getməyi çətinləşdirir.

Kofeinə həssas insanlarda onun təsiri uzun müddət davam edir. Buna görə axşam saatlarında qəhvə, çay və hətta tərkibində kofein olan bəzi tünd şokoladları çox qəbul etmək yuxu keyfiyyətinə mənfi təsir göstərir.

Şəkərli qazlı içkilər və enerji içkilərinin də həddindən artıq qəbulundan çəkinmək lazımdır. Tərkibindəki yüksək şəkər enerji səviyyəsində sürətli yüksəliş və enişlərə səbəb olur.

Öyünləri atlamaq da məsləhət görülmür. İmtahan öncəsi uzun müddət ac qalmaq yorğunluq və diqqətin azalmasına səbəb olur.

Yuxu imtahan nəticəsinə təsir edirmi?

Yuxusuzluq yaddaşa və diqqətə mənfi təsir göstərir, reaksiyaları ləngidir. Yuxu zamanı beynin gün ərzində öyrənilən məlumatların yaddaşda möhkəmlənməsində mühüm rol oynadığı düşünülür.

Bu səbəbdən imtahandan əvvəl gecəni dərs oxumağa sərf etməkdənsə, kifayət qədər yatmaq daha məqsədəuyğundur. Araşdırmalarda gecə təxminən 7 saat yatan tələbələrdə daha yaxşı akademik nəticələrlə əlaqə müşahidə olunub.

Yatmazdan ən azı 3 saat əvvəl əsas yeməyi bitirmək məsləhətdir. Buna baxmayaraq acsınızsa, yüngül və liflə zəngin qəlyanaltı seçə bilərsiniz. Şirin qida istədikdə isə şəkərli məhsullar əvəzinə quru meyvəyə üstünlük vermək olar.

Bəzi insanlar üçün yatmazdan əvvəl bir stəkan ilıq süd də rahatlamağa kömək edir.

Mənbə:BBC

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.