Demokratlar İlon Maskdan Ukrayna ilə bağlı izahat tələb etdi: Starshield araşdırılır
Demokratlar İlon Maskdan Ukrayna ilə bağlı izahat tələb etdi
ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Konqresin növbəti sessiyasında gözlənilən araşdırmalar ərəfəsində özəl şirkətlərə və administrasiyaya sənədlərin qorunub saxlanılması tələbi ilə məktublar göndərib. Növbəti sessiyada Konqresə demokratların nəzarət edəcəyi gözlənilir.
Gundelik.az haqqin.az-a istinadən xəbər verir ki, məktub göndərilən şəxslər arasında İlon Mask da yer alıb. Bu, Ukraynada “Starshield” sisteminin fəaliyyətinin yavaşladılması ilə əlaqədardır.
Bundan əlavə, Rusiyadan dizel yanacağının tədarükü ilə bağlı sövdələşmədə iştirak edən bütün limanlara, banklara və özəl qurumlara da məktublar göndərilib.
Komitə əməkdaşının sözlərinə görə, qanunu pozmaqda və ya müəyyən fəaliyyətlərdə iştirak etməkdə şübhəli bilinən şəxslərə sənədlərin ümumi qaydada qorunub saxlanılması tələbi ilə məktubların göndərilməsi komitənin “standart proseduru”dur.
Yanvar ayında demokratların Konqresdə çoxluğu əldə edəcəyi gözlənilir. Bundan sonra onların son iki ildə Tramp administrasiyasının fəaliyyətini araşdırmaq üçün ciddi səylər göstərəcəkləri ehtimal olunur.
Komitə əməkdaşı nəzarət məsələləri ilə bağlı “intensiv müzakirələrin” aparıldığını da bildirib. Bu, komitədə rəhbərliyin dəyişməsi ilə əlaqədardır.
CNN-in mənbələrinin məlumatına görə, komitənin aparıcı üzvü, senator Cin Şahin təqaüdə çıxır. Onun yerinə senator Kris Kunsun rəhbərlik edəcəyi gözlənilir.
Bununla yanaşı, Milli Müdafiə Səlahiyyətləri haqqında Qanunda (NDAA) ciddi dəyişikliklərin olacağı gözlənilmir.
“Senatda və Nümayəndələr Palatasında əsas mətn, ümumilikdə, razılaşdırılıb”, – deyə komitə əməkdaşı bildirib.
Senat qanun layihəsini iyul ayında qəbul edib. Lakin Nümayəndələr Palatası hələlik sənəd üzrə səsvermə keçirməyib.
Nuri
Gundelik.az