Cahid İmanlı: Süni intellekt dövründə məktəbin rolu
Süni intellekt və rəqəmsal texnologiyalar həyatın bütün sahələrində olduğu kimi, təhsil sistemində də yeni imkanlar və çağırışlar yaradır. Bu texnologiyalar şagirdlərə məlumatı daha sürətli əldə etmək, mövzuları fərqli üsullarla öyrənmək və fərdi öyrənmə imkanlarından yararlanmaq şəraiti yaradır. Lakin hazır məlumatın asanlıqla əldə olunması onun düzgün dərk edilməsi və qiymətləndirilməsi demək deyil.
Bu səbəbdən müasir təhsildə əsas məqsəd texnologiyanı məhdudlaşdırmaq deyil, ondan düzgün istifadəni öyrətməkdir. Şagird hazır cavabı qəbul edən deyil, onun doğruluğunu araşdıran, təhlil edən və müstəqil qərar verən tərəf olmalıdır. Bu baxımdan tənqidi düşüncə, yaradıcılıq, problem həll etmə və rəqəmsal savadlılıq xüsusi əhəmiyyət daşıyır.
Təhsildə rəqabət məsələsi də diqqət çəkən mövzulardandır. Sağlam rəqabət uşağı inkişaf etməyə və daha yaxşı nəticə göstərməyə həvəsləndirə bilər. Lakin yalnız yüksək bal və nəticəyə köklənmək şagirdin biliyə marağını zəiflədə, onu daim başqaları ilə müqayisə olunmağa sövq edə bilər. Əsas məqsəd şagirdin yalnız nəticəsini deyil, fərdi inkişafını da qiymətləndirməkdir.
Bəs süni intellektin sürətlə inkişaf etdiyi bir dövrdə məktəb şagirdə nə öyrətməlidir? Müəllimin rolu necə dəyişir? Təhsildə rəqabətlə əməkdaşlıq arasında hansı balans yaradılmalıdır?
Gundelik.az bu və digər suallara cavab tapmaq üçün təhsil eksperti Cahid İmanlının fikirlərini öyrənib. Müsahibədə ekspert müasir təhsildə süni intellektin rolu, şagirdin bilik və bacarıqlarına təsiri, məktəbin dəyişən missiyası və təhsildə rəqabətin yaratdığı imkan və risklər barədə fikirlərini bölüşüb.
Cahid müəllim, Müasir təhsildə süni intellekt və rəqəmsal texnologiyalar şagirdin biliyinə necə təsir edir?
– Bu məsələ barəsində beynəlxalq səviyyədə belə vahid cavab formalaşmasa da, görünən odur ki, süni intellektin cəmiyyətin bütün sahələrində və eləcə də təhsildə də istifadəsindən və tətbiqindən qaçmaq mümkün deyildir. Bu sahədə müəyyən qadağaların qoyulması da prinsipcə düzgün deyil. Süni intellekt və rəqəmsal texnologiyalar təhsili daha əlçatan, sürətli və fərdiləşdirilmiş edir. Şagird istədiyi mövzuda əlavə məlumat əldə edə bilir, mürəkkəb məsələlərin izahını fərqli üsullarla öyərənə bilir.
Amma burada əsas məsələ texnologiyadan düzgün istifadə etməkdir. Əgər şagird bütün cavabları hazır şəkildə götürürsə, bu, onun düşünmə və araşdırma bacarığını zəiflədə bilər. Ona görə də müasir təhsildə məqsəd süni intellekti öyrədənləri əvəzləyici kimi deyil, öyrənməyə kömək edən vasitə kimi istifadə etməkdir.
Süni intellekt bir çox sualın cavabını saniyələr içində verirsə, məktəb uşağa nəyi öyrətməlidir?
– Məktəb ilk növbədə sosial bir təsisatdır. Bütün öyrənmə prosesini belə kənara qoysaq məktəbin bu funksiyası onun fəaliyyətinə bəs edir. Müasir metodologiyada məktəb, yəni dolayısı ilə müəllimlər şagirdlərə məlumatı yadda saxlamağı deyil, məlumatı əldə etməyi, anlamağı, qiymətləndirməyi və düzgün istifadə etməyi öyrətməlidir.
Bu baxımdan süni intellekt şagirdə cavab verə bilər, amma uşağın həmin cavabın doğru olub-olmadığını yoxlaması, səbəb-nəticə əlaqəsini anlaması və müstəqil qərar verməsi vacibdir. Buna görə məktəbdə tənqidi düşüncə, yaradıcılıq, problem həll etmə, ünsiyyət, əməkdaşlıq və rəqəmsal savadlılıq daha böyük əhəmiyyət daşıyır. Müəllim şagirdə süni intellektə düzgün sual verməyi və tapdığı cavabı düşünərək qiymətləndirməyi öyrətməlidir.
Təhsildə rəqabət uşağı inkişaf etdirir, yoxsa bəzən onu biliyi sevməkdən uzaqlaşdırır?
– Təssüflər olsun ki, bu gün təhsilimizin qiymətləndirilməsi də səhv olaraq bu prizmadan aparılır. Məsələn, bəzi məktəblər, universitetlər, təşklatlar, təhsil və icra qurumları ali məktəb imtahanlarında yalnız yüksək bal toplayan abituriyentləri qiymətləndirirlər. Bu da şagirdlərdə yalnız “rəqəmlərə hesablanmış inkişaf” formulu yaradır. Belə ki, onlar öz istirahət, idman vaxtlarını sərf etməklə, fərdi inkişafını, hətta sağlamlıqlarını ikinci plana ataraq yalnız yüksək bal toplamağa fokuslanırlar. Lakin bu düzgün tendesiya deyil. Rəqabət düzgün qurulduqda uşağı motivasiya edə, onun özünü inkişaf etdirməsinə və daha yüksək nəticə göstərməsinə kömək edə bilər. Lakin həddindən artıq rəqabət uşağın diqqətini öyrənməkdən nəticə toplamağa yönəldir.
Uşaq daim başqaları ilə müqayisə olunursa, uğursuzluq qorxusu yarana və təhsilə marağı azala bilər. Buna görə məktəbdə əsas məqsəd “kim daha yüksək bal topladı?” sualından çox, “şagird əvvəlkindən nə qədər inkişaf etdi?” sualı olmalıdır.
Ən sağlam yanaşma rəqabətlə əməkdaşlığın balanslaşdırılmasıdır. Uşaq həm uğur qazanmağa çalışmalı, həm də biliyin yalnız qiymət və bal üçün deyil, öz inkişafı üçün dəyərli olduğunu hiss etməlidir.
AYNUR TURAN
Gundelik.az