“Barselona” azarkeşləri Bakıya axışır: 41 fan-klubdan 474 nəfər gələcək

“Barselona” azarkeşləri Bakıya axışır: 41 fan-klubdan 474 nəfər gələcək

Noyabrın 25-də keçiriləcək “Sabah” – “Barselona” qarşılaşması təkcə futbol meydanında deyil, tribunalar və azarkeşlər arasında da böyük maraq doğuracaq. Dünyanın müxtəlif ölkələrindən yüzlərlə kataloniyalı azarkeş komandalarına dəstək olmaq üçün Bakıda bir araya gələcək.

Gündəlik.az xəbər verir ki, İspaniyanın “Barselona” klubunun rəsmi internet səhifəsində Azərbaycandakı yeganə rəsmi fan-klubu – “Peña Barcelonista Bakú” haqqında xüsusi məqalə dərc olunub.

Klubun məlumatına əsasən, UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmanı izləmək üçün Azərbaycana 474 azarkeş səfər edəcək. Onlardan 268-i klubun üzvü, 206-sı isə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən 41 fan-klubun nümayəndəsidir.

Bu səfər “Barselona”nın peşəkar komandasının rəsmi yarış çərçivəsində Azərbaycana ilk gəlişi kimi tarixə düşəcək.

Bakıdakı fan-klub azarkeşləri qarşılayacaq

Səfər zamanı qonaqların qarşılanması və təşkilati məsələlərdə əsas rol Azərbaycandakı “Peña Barcelonista Bakú” fan-klubuna həvalə olunub.

2017-ci ildə rəsmi status alan fan-klubun hazırda 400-dən çox qeydiyyatdan keçmiş üzvü var. Bu təşkilat Qafqaz ölkələri arasında “Barselona”nın yeganə rəsmi fan-klubu hesab olunur.

Bakıya gələcək azarkeşlər arasında İraqın “Peña Blaugrana de Bagdad” və İsrailin “Peña Blaugrana Tel Aviv” fan-klublarının hər birindən 18 nəfər də olacaq. Paris və Poznan şəhərlərində fəaliyyət göstərən fan-klubların nümayəndələri də səfərdə iştirak edəcəklər.

Beləliklə, “Sabah” – “Barselona” oyunu paytaxtda yalnız idman hadisəsi deyil, müxtəlif ölkələrdən olan futbolsevərləri bir araya gətirən beynəlxalq azarkeş görüşünə də çevriləcək.

Xəyal Abdullayev
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.