Azərbaycanda bəzi sahibkarlara maliyyə sanksiyası tətbiq edilib

Azərbaycanda 2026-cı ilin yanvar-sentyabr ayları ərzində vergi qanunvericiliyinin pozulması faktları üzrə 373 cinayət işi başlanılıb.



Gundelik.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.



Hesabat dövründə 71 nəfər barəsində 73 cinayət işi üzrə ittiham aktı baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. İcraatına xitam verilmiş 36 cinayət işi, o cümlədən cinayət işinin başlanılması rədd olunmuş 89 material və ibtidai istintaqı tamamlanmış 15 cinayət işi üzrə 19 mln. 948,7 min manat məbləğində vurulmuş ziyanın dövlət büdcəsinə ödənilməsi təmin edilib. Bundan əlavə, hesabat dövründə icraatı davam edən cinayət işləri və materiallar üzrə dövlət büdcəsinə ümumilikdə 25 mln. 188,3 min manat məbləğində vurulmuş ziyanın ödənilməsi təmin olunub.

Müxtəlif fəaliyyət sahələri üzrə, o cümlədən idxal, topdan və pərakəndə ticarət, istehsal, ictimai iaşə fəaliyyəti göstərən 35 vergi ödəyicisinə məxsus 43 obyektdə “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi” məsələsi üzrə operativ vergi nəzarəti tədbirləri həyata keçirilib. 21 vergi ödəyicisinə məxsus 22 obyektdə ümumilikdə 84 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunduğu aşkarlanıb, həmin şəxslərin əmək hüquqları bərpa edilib, aidiyyəti vergi ödəyiciləri barəsində müvafiq tədbirlər görülərək ümumilikdə 170,0 min manat məbləğində maliyyə sanksiyası tətbiq olunub.

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.