Ayı ilə üz-üzə gələn it turistləri xilas etdi: Onu dağdan xərəkdə endirdilər

Ayı ilə üz-üzə gələn it turistləri xilas etdi: Onu dağdan xərəkdə endirdilər

Rusiyada Snejok adlı it dağlıq ərazidə ayı ilə qarşılaşan turistləri təhlükədən xilas edib. İnsanları qorumaq üçün yırtıcının üzərinə atılan it özü yaralanıb.

Gundelik.az xəbər verir ki, hadisənin təfərrüatları “Ufa Başqırdıstan” Telegram kanalında yayımlanıb.

Məlumata görə, turistlər Başqırdıstanda yerləşən Ayqir qayalıqlarında yürüş edərkən it qəfil ayı görüb. Snejok dərhal hürərək heyvanın üzərinə atılıb və onun diqqətini insanlardan yayındırmağa çalışıb.

Nəticədə ayı ərazidən qaçıb. Lakin hadisə zamanı yırtıcı itin pəncəsindən dişləyərək ona xəsarət yetirib.

Turistlər yaralı iti dağdan endirmək üçün xüsusi xərək hazırlayıblar. Daha sonra Snejoku elektrik qatarı ilə Ufa şəhərinə apararaq baytara çatdırıblar.

Bir müddət sonra itin vəziyyətinin yaxşılaşdığı məlum olub. Baytarlar Snejok üzərində əməliyyat keçirərək onun vəziyyətini stabilləşdiriblər. Turistlərdən biri isə sağalana qədər dördayaqlı qəhrəmana müvəqqəti sığınacaq verib.

Qeyd edək ki, oktyabr ayında da baytarlar sahibini ayıdan qoruyarkən yaralanan balaca iti xilas etmişdilər. Hadisə Rusiyanın Ust-Kut şəhərində baş verib. Heyvanın sahibi ailəsi ilə birlikdə göbələk toplamaq üçün meşəyə gedərkən ayı ilə qarşılaşdıqlarını bildirmişdi.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.