Arıqlayarkən gizli təhlükə: Çəki azalır, bəs əzələlərə nə olur?
GLP-1 qrupuna daxil olan dərmanlar piylənmənin müalicəsində mühüm dönüş yaradarkən, mütəxəssislərin diqqət çəkdiyi yeni məsələ əzələ itkisi olub. Xüsusilə orta yaş və menopauzadan sonrakı dövrdə yalnız tərəzidəki rəqəmə deyil, əzələ gücünə və fiziki dözümlülüyə də diqqət yetirilməsinin vacibliyi vurğulanır. Sağlam arıqlamağın yeni düsturu isə yağların itirilməsi, əzələlərin qorunması və kardiometabolik sağlamlığın birlikdə nəzərə alınmasıdır.
Son illərdə arıqlama müalicələrində böyük dəyişiklik baş verir. Semaglutid və tirzepatid kimi GLP-1 əsaslı dərmanlarla əhəmiyyətli miqdarda çəki itirmək mümkün olduğu halda, indi başqa bir sual gündəmə gəlib: İtirilən çəki ilə birlikdə nə qədər əzələ də itirilir?
Mütəxəssislərin fikrincə, xüsusilə yaş artdıqca sağlamlığın əsl göstəricisi yalnız neçə kilo çəkdiyimiz deyil, gündəlik həyatımızı nə dərəcədə güclü və müstəqil şəkildə davam etdirə bildiyimizdir.
Dr. Demet Erciyes Milliyet qəzetindəki köşə yazısında mövzu ilə bağlı mühüm məlumatlar verib.
Son illərin ən böyük sağlamlıq inqilablarından biri bəlkə də gözümüzün qarşısında baş verir. Bir vaxtlar piylənmə yalnız iradə məsələsi kimi qəbul edilirdisə, bu gün onun biologiyası, hormonları və maddələr mübadiləsi olan xroniki xəstəlik olduğu qəbul edilir. GLP-1 qrupuna daxil olan dərmanlar isə bu yanaşmanı, demək olar ki, dəyişib. Semaglutid, tirzepatid və bu kimi dərmanların köməyi ilə insanlar əvvəllər əldə etməkdə çətinlik çəkdikləri səviyyədə çəki itirə bilirlər.
Xüsusilə orta yaşdan sonra əzələ toxuması düşündüyümüzdən daha qiymətlidir. Əzələ yalnız hərəkət etməyimizi təmin edən toxuma deyil. O, qan şəkərinin tənzimlənməsinə kömək edir, insulinə həssaslığa təsir göstərir, sümük sağlamlığına töhfə verir, yıxılmalardan qorunmağa kömək edir və xəstəlik zamanı ehtiyac duyduğumuz metabolik ehtiyatın mühüm hissəsini təşkil edir.
Xüsusilə menopauza dövründə olan qadınlarda bu məsələ daha da əhəmiyyətlidir. Çünki bu dövrdə əzələ və sümük itkisinə meyil artıq artır. Arıqlayan hər kəs, hansı üsulla arıqlamasından asılı olmayaraq, yağ toxuması ilə yanaşı müəyyən miqdarda yağsız bədən kütləsi də itirə bilər. GLP-1 dərmanlarında da oxşar vəziyyət müşahidə olunur.
Arıqlamaq kifayət etmir, itirdiyimiz əzələlərə nə olacaq?
Burada kardioloq kimi mənim xüsusilə diqqətçəkən hesab etdiyim başqa bir məqam da var. GLP-1 dərmanlarının ürək-damar sistemi üzərindəki təsirləri yalnız çəki itkisi ilə izah olunmur.
2026-cı ildə yayımlanan yeni bir araşdırmada əvvəllər ürək-damar xəstəliyi olan və semaglutid istifadə edən 47 mindən çox insanın məlumatları araşdırılıb. Tədqiqatçılar ürək-damar nəticələrinin yalnız itirilən çəkinin miqdarı ilə deyil, dərmanın qəbul edilən dozası ilə daha yaxından əlaqəli ola biləcəyini bildiriblər.
Sağlam qocalmanın ən mühüm göstəricilərindən biri də əzələ gücüdür. İnsan 10 kiloqram arıqlayanda, əlbəttə, bu sevindirici haldır. Amma əsas suallar bunlardır:
Rahat şəkildə pilləkənləri qalxa bilirmi?
Yerdən asanlıqla ayağa qalxa bilirmi?
Alış-veriş torbasını rahat daşıya bilirmi?
Tarazlığını qoruya bilirmi?
Bunlar da sağlamlığın göstəriciləridir.
Hərəkət və kifayət qədər zülal
Gəzinti yalnız əzələlər üçün deyil, həmçinin ürək və damarlar, qan şəkəri və xolesterin baxımından da faydalıdır.
Tərəzi eyni rəqəmi göstərə bilər. Amma iki insanın metabolik ehtiyatı, yıxılma riski, fiziki dözümlülüyü və yaşlandıqca müstəqil qala bilmə ehtimalı bir-birindən çox fərqli olur.
Bəlkə də gələcəyin arıqlama müalicəsinin əsasını bu üçlük təşkil edəcək:
yağ itkisi + əzələlərin qorunması + kardiometabolik sağlamlıq.
Çünki uzun yaşamaq gözəldir. Amma əsas məqsəd uzun illər ərzində öz işlərini görə biləcək qədər güclü, hərəkətli və müstəqil yaşamaqdır. Bəlkə də sağlam qocalığın yeni tərifi artıq neçə kilo olduğumuz deyil, neçə yaşımızda hələ də nə qədər güclü olduğumuzdur.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az