Alimlərdən yeni kəşf: Dişləri elektrik enerjisi ilə təmizləyən fırça hazırlandı – Bakteriyaları məhv edir!

Alimlərdən yeni kəşf: Dişləri elektrik enerjisi ilə təmizləyən fırça hazırlandı – Bakteriyaları məhv edir!

Dişlərin təmizlənməsində yeni dövr başlaya bilər.

Gundelik.az xəbər verir ki, alimlər fırçalama zamanı yaranan sürtünməni elektrik enerjisinə çevirən və diş çürüməsi, eləcə də diş əti xəstəliklərinə səbəb olan bakteriyalarla mübarizə aparan yeni diş fırçası hazırlayıblar.

Öz elektrik enerjisini istehsal edən fırçanın tükləri hərəkət etdikcə elektrik yükü yaradır. Bu elektrik enerjisi tüpürcək və su ilə reaksiyaya girərək bakteriyalara zərər verən reaktiv oksigen molekullarının yaranmasına səbəb olur.

Laboratoriya sınaqlarında yeni fırçanın diş çürüməsinə səbəb olan bakteriyaların yarıdan çoxunu məhv etdiyi, diş əti xəstəlikləri ilə əlaqəli bakteriyaların sayını isə 78 faizə qədər azaltdığı müəyyən edilib. Adi neylon tüklü diş fırçalarında bu göstərici 8 faizdən aşağı olub.

Diş əti iltihabı və qanaması azalıb

Tədqiqatçılar yeni diş fırçasını 115 yetkin insan üzərində üç ay ərzində sınaqdan keçiriblər.

Gündə iki dəfə elektrik enerjisi yaradan fırçadan istifadə edən iştirakçılarda diş ərpinin, diş əti iltihabının və diş əti qanamasının daha az olduğu müəyyən edilib.

Bununla belə, mütəxəssislər yeni diş fırçasının uzunmüddətli istifadəsinin təhlükəsiz olub-olmadığının hələ tam təsdiqlənmədiyini bildiriblər.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.