ABŞ-də akula tutan balıqçı məhkəməlik oldu: səbəb hər kəsi təəccübləndirdi

Ağ köpəkbalığını tutdu, videosunu paylaşdı və məhkəməlik oldu

ABŞ-də akula tutan balıqçı məhkəməlik oldu: səbəb hər kəsi təəccübləndirdi

ABŞ-də 30 yaşlı Kristofer Stefan böyük ağ köpəkbalığını tutduğuna görə məhkəmə qarşısına çıxarılıb.

Gundelik.az xəbər verir ki, "CBS News"un məlumatına görə, balıqçı qanunsuz ov etməkdə və heyvanla qəddar davranmaqda ittiham olunur.

İstintaqın məlumatına əsasən, 2025-ci ilin oktyabrında Stefan öz komandası və Avropadan olan bir müştəri ilə birlikdə köpəkbalığı tutmaq məqsədilə bir neçə günlük ekspedisiyaya yollanıb. Nəticədə onlar Aaron ləqəbli erkək ağ köpəkbalığını tutmağa nail olublar. Tədqiqatçılar 2024-cü ildən bəri xüsusi nişan vasitəsilə bu köpəkbalığını izləyirlər. Onun uzunluğu 2,9 metr olub.

Balıqçı ekspedisiya zamanı çəkdiyi videonu özü sosial şəbəkələrdə paylaşıb. Bundan sonra hüquq-mühafizə orqanları onu qanunsuz balıq ovunda və heyvanla qəddar rəftarda ittiham ediblər. İddialara görə, yayımlanan kadrlarda qadağan olunmuş avadanlıqdan istifadə edildiyi görünür.

Köpəkbalığını tutduqdan sonra balıqçılar uğurlarını uzun müddət qeyd edib, onunla şəkillər çəkdiriblər. Daha sonra isə heyvanı yenidən suya buraxıblar.

Məhkəmənin ilk iclasında Stefan barəsində ittihamlar elan edilib. Növbəti məhkəmə prosesi dekabrın 11-nə təyin olunub. Həmin vaxta qədər ona balıq tutmaq, bununla bağlı videoları internetdə paylaşmaq və Massaçusets ştatını tərk etmək qadağan edilib.

Stefanın vəkili isə onun təcrübəli balıqçı olduğunu və təbiətə məsuliyyətli münasibətin tərəfdarı kimi tanındığını bildirib.

Xatırladaq ki, daha əvvəl ABŞ-nin Kaliforniya ştatında, Malibu sahillərində balıq tutan kayakçıya köpəkbalığı iki dəfə hücum edərək onu dişləmişdi. Hadisədən sonra köpəkbalığı dərinliyə çəkilərək gözdən itmişdi.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.