4 min illik tibb ənənəsi: Vakuum stəkanı müalicəsi
Vakuum stəkanı ilə müalicədən baş ağrısından bel ağrısına, xroniki xəstəliklərdən ümumi sağlamlığın dəstəklənməsinə qədər bir çox sahədə istifadə olunur. Min illərdir tətbiq edilən bu üsulun mütəxəssislər tərəfindən həyata keçirildikdə fayda verə biləcəyi bildirilir.
Son illərdə insanlar sağlamlıqlarını dəstəkləmək üçün müxtəlif üsullara daha çox üz tutmağa başlayıblar. Bu axtarışın bir hissəsi kimi Ənənəvi və Tamamlayıcı Tibb (GETAT) tətbiqləri də diqqət çəkir. Təbii yollarla sağalma prosesinə dəstək olmağı hədəfləyən bu üsullar insanın yalnız fiziki sağlamlığına deyil, həm də psixoloji vəziyyətinə və ümumi həyat balansına töhfə verməyi qarşıya məqsəd qoyur.
Akupunkturadan zəli müalicəsinə, aromaterapiyadan ozon tətbiqinə qədər bir çox fərqli üsulu əhatə edən GETAT bəzi hallarda dəstəkləyici, bəzi hallarda isə profilaktik seçimlər təqdim edir. Bu üsullardan biri də vakuum stəkanı ilə müalicədir. Son dövrlərdə yenidən gündəmə gələn bu tətbiqin düzgün şəraitdə və müvafiq ixtisasa malik mütəxəssislər tərəfindən həyata keçirilməsi sağlamlıq baxımından böyük əhəmiyyət daşıyır. Mütəxəssislər bildirirlər ki, qeyri-qanuni və uyğun olmayan şəraitdə həyata keçirilən şüursuz prosedurlar ciddi problemlərə səbəb ola bilər.
Bəs vakuum stəkanı ilə müalicə necə tətbiq olunur? Hansı məqsədlərlə seçilir və kimlər tərəfindən həyata keçirilməlidir?
Bu sualları Sağlamlıq Elmləri Universitetinin Ümraniyə Təhsil və Araşdırma Xəstəxanasının Ailə Təbabəti Klinikasının Təhsil üzrə məsul şəxsi, dosent doktor Süleyman Ersoy cavablandırıb.
“Hicama” kimi də tanınır
Xalq arasında “hicama” kimi də tanınan vakuum stəkanı ilə müalicənin təxminən 4 min illik tarixinin olduğu bildirilir. Dosent doktor Ersoy bu üsulun Anadoluda geniş yayıldığını qeyd edərək deyib:
“Məsələn, tibbin atası hesab edilən Hippokrat və qədim Roma həkimi Qalen öz praktikalarında vakuum stəkanı ilə müalicədən, hicamadan geniş istifadə ediblər. İbn Sina da məşhur “Əl-Qanun fit-Tibb” kitabında hicama və vakuum stəkanı ilə müalicədən ətraflı bəhs edib.”
Əvvəllər şüşə stəkanlarla həyata keçirilən prosedur bu gün birdəfəlik istifadə olunan stəkanlarla tətbiq edilir.
Dosent doktor Ersoy prosedurun necə həyata keçirildiyini belə izah edib:
“Dəriyə vakuum tətbiq edirik. Bununla dəridə qabarıqlıq yaranır. Əgər bu mərhələdə prosesi dayandırsaq, buna ‘quru vakuum stəkanı’ deyirik. Əgər həmin nahiyədə bisturi ilə çox kiçik kəsiklər edib oradan qan da alırıqsa, ikinci dəfə vakuum tətbiq edirik. Buna isə ‘yaş vakuum stəkanı’ və ya xalq arasında ‘hicama’ deyilir.”
Düzgün şəraitdə tətbiq olunması vacibdir
Vakuum stəkanı ilə müalicənin profilaktik tibbdə müəyyən yerinin olduğu bildirilir. Lakin bu prosedurun peşəkar mütəxəssislər tərəfindən və uyğun şəraitdə həyata keçirilməsinin vacibliyini vurğulayan dosent doktor Ersoy mühüm məqama diqqət çəkib:
“Bu cür mərkəzlər Səhiyyə Nazirliyinin müvafiq qanunvericiliyi çərçivəsində və yenə Səhiyyə Nazirliyindən alınan icazələr əsasında fəaliyyət göstərir. Hazırda Türkiyədə ənənəvi və tamamlayıcı tibb tətbiqlərini yalnız tibb fakültəsini bitirmiş həkimlər həyata keçirə bilər. Ancaq həkim olmaq da kifayət etmir. Bununla bağlı Səhiyyə Nazirliyinin akkreditasiya etdiyi təlim mərkəzlərində müvafiq GETAT tətbiqi üzrə təlim keçmək lazımdır.”
“Qeyri-qanuni” və şəraiti uyğun olmayan, bu cür prosedurları həyata keçirmək üçün icazəsi olmayan mərkəzlərdən isə qəti şəkildə uzaq durmaq tövsiyə olunur. Çünki qaydalara zidd tətbiqlər ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Dosent doktor Ersoy xəbərdarlıq edib:
“Bu, cərrahi müdaxilədir. Gigiyena çox vacibdir və prosedurun peşəkar şəxslər tərəfindən həyata keçirilməsi böyük əhəmiyyət daşıyır. Mütləq Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmiş və sertifikatı olan həkimin çalışdığı mərkəzlərə müraciət etsinlər.”
Vakuum stəkanı ilə müalicə hansı sağlamlıq problemlərində tətbiq olunur?
Bəs vakuum stəkanı ilə müalicə hansı xəstəliklər zamanı tətbiq edilir?
Dosent doktor Ersoy bildirib ki, baş ağrıları, xroniki baş ağrıları və miqren zamanı bu üsuldan istifadə olunur:
“Məsələn, baş ağrılarında, xroniki baş ağrılarında və miqrendə həqiqətən təsirli olur. Çünki müasir tibbdə xəstələr bəzən mövcud müalicələrdən nəticə əldə edə bilmirlər. Bu xəstələrə 3 seans, bəzən isə 8-10 seans tətbiq etməklə uzun müddət ağrılardan uzaq qaldıqları və həyat keyfiyyətlərinin yüksəldiyi remissiya dövrü təmin edə bilirik.”
Onun sözlərinə görə, bundan başqa boyun, kürək və bel ağrılarında da vakuum stəkanı ilə müalicədən istifadə edilir.
Vakuum stəkanı ilə müalicə yalnız ağrılar üçün tətbiq olunan üsul deyil. Bəzi xroniki xəstəliklərin müalicəsində də dəstəkləyici vasitə kimi istifadə olunur.
Ersoy bildirib:
“Ürək-damar xəstəliklərində, məsələn, hipertoniya və ya hiperlipidemiya, yəni qanda yağların yüksək olduğu hallarla bağlı ədəbiyyatda tədqiqatlar var. Biz də bu cür halları öz mərkəzimizdə müşahidə edirik. Məsələn, son olaraq şəkərli diabet xəstələrində qan şəkərinin tənzimlənməsi üçün mövcud dərman müalicəsinə əlavə olaraq vakuum stəkanı ilə müalicə tətbiq edildikdə təsirinin olduğunu da müşahidə edirik.”
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az