156 ildən sonra ilk dəfə: Britaniya kral ailəsinin üzvü məhkəməyə çağırıldı

156 ildən sonra ilk dəfə: Britaniya kral ailəsinin üzvü məhkəməyə çağırıldı

Böyük Britaniya kralı III Çarlzın kiçik qardaşı, keçmiş şahzadə Endryu Mountbatten-Vindzor mülki dələduzluq işi üzrə şahid qismində London Ali Məhkəməsinə çağırılıb. Bu, son 156 ildə Britaniya kral ailəsinin üzvü ilə bağlı ilk belə hadisədir.

Gundelik.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

Hakim Adam Consonun Endryunun şahid qismində çağırılmasına icazə verməsindən sonra ona məhkəmə bildirişi təqdim edilib. İş türkiyəli milyonçu Nebahat Evyap İşibilenin keçmiş maliyyə məsləhətçisi Səlman Türkə qarşı qaldırdığı iddia ilə bağlıdır.

Qadın iddia edir ki, Türk onun sərvətindən on milyonlarla funt sterlinqi mənimsəyib. Mübahisəli epizodlardan biri isə 2019-cu ildə Endryuya köçürülən və 2021-ci ildə geri qaytarılan 750 min funt sterlinq (təxminən 90 milyon rubl) məbləğində ödənişdir.

Endryu məhkəmə prosesinin tərəfi deyil və ona qarşı hər hansı ittiham irəli sürülməyib.

Məhz Səlman Türk Endryunun məhkəməyə çağırılmasını istəyib. O, ödənişin İşibilenin könüllü jesti olduğunu iddia edir. Türkün sözlərinə görə, qadın Türkiyədə həbs cəzası çəkən həyat yoldaşına kömək etmək ümidi ilə keçmiş şahzadənin əlaqələrindən yararlanmaq istəyib.

İşibilenin vəkilləri Endryunun məhkəməyə çağırılmasını 1870-ci ildə baş vermiş hadisə ilə müqayisə edirlər. Həmin vaxt gələcək kral VII Edvard boşanma işi üzrə məhkəmədə ifadə vermişdi.

Endryunun dekabrın 14-də məhkəmədə ifadə verməsi gözlənilir. O, bunu şəxsən və ya videobağlantı vasitəsilə edə bilər. Bununla yanaşı, keçmiş şahzadənin məhkəmə çağırışına etiraz etmək hüququ da qalır.

Xatırladaq ki, ötən il III Çarlz qardaşını Ceffri Epşteynlə əlaqələri ətrafında yaranan qalmaqal fonunda kral titulundan məhrum edib.

Daha əvvəl ABŞ konqresmeninin Britaniya kralı III Çarlzın kiçik qardaşı, keçmiş şahzadə Endryunu ABŞ ərazisində cinsi cinayətlər törətməkdə ittiham etdiyi bildirilmişdi. Konqresmen, həmçinin “Barclays” bankının keçmiş rəhbəri Ces Stayli və illüzionist Devid Kopperfildin adlarını çəkmişdi. Onların da Ceffri Epşteynlə əlaqələrdə şübhəli bilindiyi qeyd olunub.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.